Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması” ətrafında milyardlarla dollarlıq mənimsəmə və yüksək vəzifəli şəxslərin adlarının hallandığı qalmaqal üzə çıxıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov Energetika Nazirliyində “kölgə donanması” ilə əlaqələndirilən Mixail Silantyev və “Rosatom”un yüksək vəzifəli meneceri Sergey Polqorodnikdən neft treyderi Nikolay Buxantsovla 700 milyon dollarlıq mübahisəni həll etməyi tələb edib.
Mənbənin iddiasına görə, vəziyyət o həddə çatıb ki, münaqişəyə Rusiya baş nazirinin müavinləri Aleksandr Novak və Denis Manturovun şəxsən müdaxilə etməsi lazım gəlib. Hadisələr fonunda milyardlarla dolların mənimsənilməsi ilə bağlı iddialar da gündəmə gəlib və Polqorodnik artıq vəzifəsindən uzaqlaşdırılıb.
Məlumata görə, hadisələrin başlanğıcı “Rosneft”in keçmiş vitse-prezidenti Anatoli Loktionovun “Naftatrans” müəssisəsini satmaq qərarına gedib çıxır. Şirkətin alıcıları Nikolay Buxantsov və onun dostu Konstantin Qoloşapovla əlaqəli strukturlar olub. Lakin mənbə Loktionovun sövdələşmə zamanı aldadıldığını iddia edir. Sonradan onun özü cinayət işinin fiqurantına çevrilib, beynəlxalq axtarışa verilib, “Titov siyahısı” ilə Rusiyaya qayıdıb və daha sonra yenidən ölkədən gedib.
Bu müddətdə Buxantsovun Silantyev və Polqorodniklə yaxın işgüzar münasibətlər qurduğu bildirilir. Silantyevin baş nazirin müavini Aleksandr Novaka yaxın olduğu, əvvəllər Energetika Nazirliyinin tabeliyindəki “Promsıryeimport” şirkətinə rəhbərlik etdiyi, “Pearl Energy Trading” və “OGC Shipping” şirkətlərinə nəzarət etdiyi iddia olunur. Mənbə bu strukturları Rusiya “kölgə donanması”nın əsas seqmentlərindən biri kimi təqdim edir.
Polqorodnik isə “Rosatom”un birinci vitse-prezidenti Kirill Komarovun yaxın dostu kimi göstərilir. O, son vaxtlaradək “Rosatom” strukturuna daxil olan və Rusiyanın ən iri xarici ticarət şirkətlərindən sayılan “Texsnabeksport”a (TENEX) rəhbərlik edib.
Mənbənin məlumatına görə, 2025-ci ildə Loktionov Rusiya Prezident Administrasiyasına və Federal Təhlükəsizlik Xidmətinə (FTX) yeni müraciətlər göndərib. O, “Naftatrans”la bağlı hadisələrlə yanaşı, Silantyev, Polqorodnik və Buxantsovla əlaqəli şirkətlər vasitəsilə yüz milyonlarla dollar büdcə vəsaitinin mənimsənildiyini iddia edib. “Prestupnaya Rossiya”nın məlumatına görə, təkcə 2022–2024-cü illərdə Silantyevlə əlaqələndirilən sxemlər vasitəsilə 1,4 milyard dollardan çox vəsait mənimsənilmiş ola bilər.
İddialara əsasən, hüquq-mühafizə orqanları büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı məlumatları araşdırmağa başlayıblar. Polqorodnik bu yaxınlarda “Texsnabeksport”un baş direktoru vəzifəsindən çıxarılıb. FTX-nin isə “Rosatom”dakı mümkün qanunsuzluqları araşdırdığı bildirilir.
Hadisənin ən diqqətçəkən hissəsi Ramzan Kadırovun prosesə qoşulması ilə bağlıdır. Mənbə iddia edir ki, “Naftatrans” borcunun qaytarılması məsələsində Loktionova Kadırova müraciət etmək tövsiyə olunub. Kadırov isə məsələ ilə məşğul olmağı oğlunun təhlükəsizlik xidmətinin “RPK” çağırış adlı rəhbərinə tapşırıb.
Buxantsovun irəli sürdüyü versiyaya görə, o, Silantyev və Polqorodniklə birlikdə sanksiyalardan yayınaraq Rusiya neftinin satışında iştirak edib və müxtəlif sxemlər vasitəsilə 2 milyard dollardan artıq vəsait əldə olunub. Buxantsov öz payının 600 milyon dollardan çox olduğunu, lakin tərəfdaşlarının ona bu vəsaiti vermədiklərini iddia edib.
Mənbənin məlumatına görə, bundan sonra təzyiq Silantyevə yönəlib. “RPK” onunla bir neçə dəfə görüş təyin etməyə çalışsa da, Silantyev görüşlərdən yayınıb. Bundan sonra ona hədələrin yer aldığı sərt səsli mesaj göndərildiyi iddia olunur.
Yaranmış vəziyyət Silantyev və Polqorodnikdə ciddi narahatlıq yaradıb və məsələyə Aleksandr Novak cəlb olunub. İddiaya görə, 2025-ci ilin iyun ayının sonunda Novak və digər baş nazir müavini Denis Manturov Adam Kadırovun toy mərasimində iştirak etmək üçün Çeçenistana gediblər və mərasimdən sonra Ramzan Kadırovdan onlarla əlaqəli şəxslərə təzyiqi dayandırmasını istəyiblər.
Mənbələr Kadırovun bununla razılaşdığını, lakin milyardlarla dollarlıq mümkün mənimsəmə ilə bağlı iddiaların hazırda xüsusi xidmət orqanlarının araşdırmasında olduğunu bildirir.
Musavat.com

