“İran-ABŞ qarşıdurmasının Avropaya yayılma riski artır”-Politoloqbackend

“İran-ABŞ qarşıdurmasının Avropaya yayılma riski artır”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla ABŞ arasında mümkün yeni hərbi eskalasiya Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirməklə yanaşı, qarşıdurmanın region hüdudlarından kənara çıxması ilə bağlı narahatlıqları da artırır. Tehranla Vaşinqton arasında gərginliyin yenidən hərbi müstəviyə keçməsi halında prosesin Avropadakı təhlükəsizlik arxitekturasına təsir göstərə biləcəyi ehtimal olunur. Belə bir ssenarinin reallaşması həm ABŞ-ın Avropadakı hərbi mövcudluğu, həm də NATO ölkələrinin mümkün reaksiyası baxımından ciddi nəticələr yarada bilər.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, hazırda, əslində, Avropa ölkələrinin hərbi münaqişələrə cəlb olunma ehtimalı ciddi şəkildə artıb:

“Bu, həm Ukrayna müharibəsinə, həm də Yaxın Şərqdəki savaşa aiddir. Ukrayna savaşı ilə bağlı Ukraynaya hərbi dəstək verən Avropa ölkələri son vaxtlar Rusiya tərəfindən hədəfə alınmağa başlayıb. NATO Rusiyanın ehtimal olunan hücum ssenarisinə qarşı müdafiə planları qurmaqdadır. Xüsusilə də Baltikyanı regionun müdafiəsi indi NATO üçün olduqca ciddi və böyük əhəmiyyət daşıyır.

Yəni Ukrayna savaşının arealı genişlənə bilər və Avropa ölkələrinin yaxın gələcəkdə münaqişəyə birbaşa cəlb olunma ehtimalları mövcuddur. Eyni proses təxminən Yaxın Şərq savaşı ilə bağlı da cərəyan edir. Burada da məsələ ondan ibarətdir ki, hələlik Amerika Birləşmiş Ştatlarına, müvəqqəti də olsa, atəşkəs müddəti lazımdır. Yəni Tramp administrasiyası zaman qazanmaqda maraqlıdır. Qarşıda aralıq seçkiləri var və respublikaçılar bu seçkilərə savaş şəraitində girmək istəmirlər. Hesab edirlər ki, savaş şəraiti seçkilərin uduzulmasına yol aça bilər. Halbuki onsuz da respublikaçıların reytinqi son vaxtlar ciddi şəkildə aşağı düşüb və aralıq seçkiləri uduzmaq ehtimalı kifayət qədər yüksəkdir.

Ancaq buna baxmayaraq, yenə də seçki ərəfəsində aktiv savaş vəziyyətinin olmasını istəmirlər. Ona görə də böyük ehtimalla aralıq seçkilərinə qədər fəal hərbi əməliyyatlar olmaya bilər. Bunun əvəzində ara-sıra hərbi zərbələr endirilə bilər. Hər iki tərəf bir-birinə qısamüddətli hərbi zərbələr reallaşdıra bilər və bunun da sonrakı mərhələdə daha genişmiqyaslı savaş ssenarisinə çevrilmə ehtimalı aktual olaraq qala bilər.

Burada da önəmli məqam ondan ibarətdir ki, Tramp son açıqlamasında İrana qarşı böyük iqtisadi savaş açdığını bəyan edib. Bu da onu göstərir ki, Amerika Birləşmiş Ştatları İranı yalnız hərbi vasitələrlə deyil, həm də iqtisadi-ticari alətlər üzərindən vurmağa üstünlük verir”.

O bildirib ki, ABŞ-dakı aralıq seçkilərindən sonra savaş ehtimalı daha ön plana keçə bilər və bu halda Avropa ölkələrinin Amerika Birləşmiş Ştatlarına dəstək vermək məcburiyyəti ortaya çıxa bilər:

“Çünki bu ölkələrin mütləq əksəriyyəti NATO-nun üzvləridir və NATO-nun Ankara sammitində Tramp NATO-nun Yaxın Şərq savaşında Amerika Birləşmiş Ştatlarına dəstək vermə təminatını almağa nail olmuşdu. Bu da o deməkdir ki, genişmiqyaslı müharibə bərpa olunarsa, o zaman NATO istənilən halda Amerika Birləşmiş Ştatlarına dəstək vermək məcburiyyətində qalacaq. Bu da o deməkdir ki, NATO üzvü olan Avropa dövlətləri də bu savaşın iştirakçılarına çevrilmək məcburiyyətində qalacaq.

Yəni İrana qarşı daha böyük qüvvə ilə savaş ehtimalı mövcuddur. Rəsmi Tehran əgər Avropa məkanına zərbə endirmək, yəni bütün bunların qarşılığında zərbə endirmək niyyətinə düşərsə, bu, İran üçün daha fəlakətli nəticələr doğura bilər. Çünki yalnız Amerika Birləşmiş Ştatları ilə savaşmaq və bütövlükdə NATO-nu və Avropa ölkələrini öz qarşısına almaq tamamilə fərqli şeylərdir. Burada yalnız hərbi faktorlar deyil, həm də iqtisadi-ticari faktorlar hərəkətə gəlmiş olacaq və İranın bütün iqtisadi-ticari fəaliyyət pəncərələri qapadıla bilər. Avropa istiqamətli və Avropa ölkələrinə yaxın bölgələrin təmsilçiləri də İranın iqtisadi-ticari fəaliyyətinə müqavimət göstərə bilərlər. Bu da İranın həm hərbi, həm də iqtisadi cəhətdən vurulması və dövlətin tamamilə çökmə təhlükəsi qarşısında qalması deməkdir”.

//Gülnarə Abasova, Editor.az