ABŞ prezidenti Donald Trampın İrana qarşı “iqtisadi müharibə” elan etməsindən sonra Vaşinqtonun sanksiya təzyiqinin hədəfinə çevrilə biləcək ölkələrin siyahısı genişlənir.
Musavat.com xəbər verir ki, bu barədə rosbalt.ru “Reuters”ə istinadən yazıb.
“Reuters”in yazdığına görə, İranla iqtisadi əlaqələrini davam etdirən ölkələr ABŞ-ın yeni sanksiyalarının təsiri ilə üzləşə bilər. Bu siyahıda Azərbaycan da yer alır.
”
Reuters” bildirir ki, Tramp administrasiyası İranın iqtisadi təcridini daha da sərtləşdirməyə hazırlaşır. ABŞ Maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcəyini açıqlayıb. Bundan əvvəl isə Tramp İranla hər hansı formada iqtisadi əlaqəni davam etdirən ölkələrin də “böyük iqtisadi nəticələrlə” üzləşəcəyini bəyan etmişdi. Məhz bu məqam Azərbaycanın adının “Reuters” materialında çəkilməsini diqqətçəkən edir. Agentlik Çin, BƏƏ, Türkiyə, İraq, Oman, Pakistan və Hindistanla yanaşı Ermənistan və Azərbaycanın da İranla müəyyən iqtisadi əlaqələrinin olduğunu qeyd edir. Reuters Azərbaycanın İranla əlaqələrini digər böyük ticarət tərəfdaşları ilə müqayisədə daha məhdud xarakterli kimi təqdim edir.
Burada söhbət Azərbaycanın artıq ABŞ sanksiyalarına məruz qalmasından getmir. “Reuters”in yazdığı daha çox ondan ibarətdir ki, Vaşinqtonun “İrana hər hansı dəstək verən ölkələrə qarşı iqtisadi nəticələr” barədə hədələri Azərbaycan kimi İranla əlaqələri olan dövlətlər üçün potensial risk yaradır. Bu xəbər Azərbaycanın xarici siyasəti baxımından xüsusilə həssas məqamda ortaya çıxır. Bakı bir tərəfdən ABŞ-la strateji münasibətləri inkişaf etdirir, digər tərəfdən isə İranla uzun illər ərzində formalaşmış qonşuluq və iqtisadi əlaqələrə malikdir. Deməli, Vaşinqtonun yeni sanksiya mexanizmi geniş tətbiq edilərsə, Azərbaycan üçün əsas məsələ İranla əməkdaşlığın hansı istiqamətlərinin ABŞ tərəfindən “İrana iqtisadi dəstək” kimi qiymətləndirilə biləcəyidir.
Qeyd edək ki, İran isə Trampın Tehranı iqtisadi cəhətdən boğmağa yönəlmiş yeni kampaniyasına sərt reaksiya verib. Trampın “iqtisadi D-Day” adlandırdığı və İranla ticarət edən ölkələri də ağır iqtisadi nəticələrlə hədələdiyi kampaniyanı Tehran ABŞ-ın daxili problemlərindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqtonun elan etdiyi “iqtisadi D-Day” əslində ABŞ-ın öz böhranlarını, xüsusilə dövlət borcunun rekord həddə çatmasını və artan faiz xərclərini pərdələməyə hesablanıb.

