Ukrayna işğalçı Rusiyanın strateji əhəmiyyətli enerji və hərbi obyektlərinə zərbələri davam etdirir. Bu zərbələr o qədər intensiv və permanent xarakterlidir ki, neft ixracatçısı olan Rusiyanın rəhbərliyi yanacaq qıtlığını önləmək üçün artıq xaricdən neft məhsulları almaq qərarına gəlib.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmalı olduğunu bildirib. Yəni, öz qanuni ərazilərindən. Zaxarova bildirib ki, “Kiyev əsassız tələblər irəli sürməyi dayandırmalıdır”.
“(Ukrayna xarici işlər naziri Andrey – red.) Sibiqa və onun kimilərinə vəziyyətə ayıq baxmağı, əsassız tələblər irəli sürməyi dayandırmağı və Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmağı tövsiyə edirəm ki, bu da hərbi əməliyyatların dayandırılmasını sürətləndirəcək”, – XİN rəsmisi vurğulayıb.
Hansı “əsassız tələblər”? Paradoks da ondadır ki, təcavüzkar ölkə təcavüzə məruz qalan Ukraynadan konstruktivlik tələb edir və öz maksilmalist tələblərində qalır. Rusiya nəyə arxayındır?
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Rusiyanın enerji və hərbi infrastrukturuna Ukraynanın zərbələri artıq taktiki yox, strateji nəticələr doğurmağa başlayıb:
“Neft emalı zavodlarının, yanacaq bazalarının və logistika zəncirinin müntəzəm hədəfə çevrilməsi paradoksal vəziyyət yaradıb: dünyanın ən böyük neft ixracatçılarından biri daxili bazarda yanacaq sabitliyini qorumaq üçün xaricdən neft məhsulları idxalını müzakirə edir. Bu, təkcə iqtisadi göstərici deyil, həm də müharibənin Rusiyanın dərin arxa cəbhəsinə keçdiyini göstərən siyasi siqnaldır”.
Siyasi şərhçi deyib ki, bunun fonunda Moskvanın ritorikasında heç bir yumşalma görünmür:
“Əksinə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukraynaya Donbasdan çıxmaq çağırışı Kremlin hələ də 2022-ci ilin siyasi məntiqi ilə hərəkət etdiyini nümayiş etdirir. Başqa sözlə, işğalçı dövlət işğala məruz qalan ölkədən güzəşt tələb edir. Bu, ilk baxışda məntiqsiz görünür. Amma Kremlin davranışını emosiyalarla deyil, geosiyasi hesablamalarla izah etmək lazımdır.
Birincisi, Moskva hesab edir ki, zaman onun xeyrinə işləyir. Kreml Qərbdə Ukraynaya dəstəyin tədricən zəifləyəcəyinə, Avropa cəmiyyətlərində “müharibə yorğunluğu”nun artacağına və siyasi dəyişikliklərin Kiyevin mövqeyini zəiflədəcəyinə ümid edir.
İkincisi, Putin üçün bu müharibə artıq ərazi məsələsi deyil. Bu, şəxsi siyasi legitimlik məsələsinə çevrilib. Geri çəkilmək təkcə hərbi məğlubiyyət deyil, həm də 25 ildən artıq qurduğu hakimiyyət modelinin iflası demək olardı. Buna görə də Kreml iqtisadi itkiləri müəyyən həddə qədər qəbul etməyə hazırdır.
Üçüncüsü, Rusiya hərbi və iqtisadi baxımdan ciddi problemlərlə üzləşsə də, hələ resurslarını tam tükətməyib. Enerji gəlirləri azalsa belə, hərbi iqtisadiyyat rejiminə keçid, Çin, Hindistan və digər tərəfdaşlarla ticarət Moskvanın müqavimət qabiliyyətini müəyyən müddət qoruyur”.
Siyasi şərhçiyə görə, burada vacib məqam var: “Ukraynanın son aylarda həyata keçirdiyi uzaqmənzilli zərbələr göstərir ki, Rusiyanın əvvəllər toxunulmaz hesab etdiyi infrastruktur artıq təhlükəsiz deyil. Bu isə müharibənin qiymətini hər gün artırır. Əgər Rusiya həqiqətən daxili bazarı təmin etmək üçün xaricdən yanacaq almaq məcburiyyətində qalırsa, bu, simvolik baxımdan da ağır zərbədir. Çünki Kremlin illərlə qurduğu “enerji superdövləti” obrazı ciddi aşınmaya məruz qalır. Bununla belə, Putinin maksimalist tələblərindən imtina etməsini yaxın perspektivdə gözləmək çətindir. Kreml danışıqları kompromis vasitəsi kimi deyil, qarşı tərəfin kapitulyasiyasını rəsmiləşdirəcək mexanizm kimi görür. Məhz buna görə Moskva hərbi reallıq dəyişsə belə, siyasi ritorikasını dəyişmir. Yəni paradoks budur: iqtisadi və hərbi təzyiq artır, amma siyasi iddialar azalmır. Bu isə onu göstərir ki, Kremlin qərarları iqtisadi rasionallıqdan daha çox siyasi və psixoloji amillərlə müəyyən olunur.
Putin üçün əsas məsələ artıq nə neftdir, nə də Donbas – əsas məsələ hakimiyyətinin məğlubedilməzliyi haqqında yaratdığı mifin qorunmasıdır. Bu mif dağıldığı gün isə müharibənin siyasi mənası da Kremlin özü üçün dəyişəcək”.

