Yaponiyalı alimlərin hazırladığı yeni riyazi modelləşdirmə göstərir ki, Ebola virusuna yoluxmuş şəxslər cəmi 30 gün ərzində Avropa və Asiyanın əsas beynəlxalq tranzit hava limanlarına çata bilərlər.
Editor.az xəbər verir ki, bu barədə medRxiv platformasında dərc olunan araşdırmaya istinadən məlumat yayılıb.
Tədqiqatın müəllifləri Ryo Kinoşita, Motoi Suzuki və Daisuke Yoneoka hesablamalarını Konqo Demokratik Respublikası və Uqanda istiqamətindən mümkün hava marşrutlarının təhlili əsasında hazırlayıblar. Modelləşdirməyə görə, ən əlverişsiz ssenaridə yoluxmuş sərnişinlərin bir ay ərzində dünyanın ən böyük nəqliyyat qovşaqlarına çatma ehtimalı kifayət qədər yüksəkdir.
Araşdırmada qeyd olunur ki, yoluxmuş şəxsin aşkarlanma ehtimalı:
- Belçikada – 92%
- Fransada – 91%
- BƏƏ-də – 88%
- Türkiyədə – 86% təşkil edir.
Alimlər öz modellərində 11 264 hava limanı, 569 741 aviareys marşrutu və təxminən 330 milyon sərnişin axını barədə məlumatlardan istifadə ediblər. Onların fikrincə, əldə olunan nəticələr beynəlxalq səhiyyə qurumları üçün operativ monitorinq və qabaqlayıcı tədbirlərin planlaşdırılmasına yardımçı ola bilər. Bununla yanaşı, yoluxmuş şəxsin hər hansı ölkəyə daxil olması həmin ərazidə mütləq epidemiya və ya virusun yerli yayılması anlamına gəlmir.
Mütəxəssislər vurğulayırlar ki, təqdim olunan nəticələr ilkin elmi modelləşdirməyə əsaslanır və risklərin qiymətləndirilməsi üçün nəzərdə tutulub. Daha əvvəl də bildirilmişdi ki, Konqo Demokratik Respublikası və Uqanda ərazisində müşahidə olunan Ebola epidemiyası tarixdə ən genişmiqyaslı yayılmalardan birinə çevrilə bilər.
//Gülnarə Abasova, Editor.az


