Yaxın Şərqdə gərginlik yenidən yüksəlir. ABŞ İran ərazisində yerləşən bir sıra hərbi hədəflərə zərbələr endirib.
Bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. Açıqlamada bildirilir ki, əməliyyat İranın “M/V Ever” gəmilərinə qarşı həyata keçirdiyi hücumlardan sonra icra olunub.
Məlumata görə, ABŞ qüvvələri İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı obyektləri, eləcə də sahil radar sistemlərini hədəfə alıb. Vaşinqton bu addımı bölgədəki hərbi və ticari gəmilərin təhlükəsizliyinin təmin edilməsi ilə əsaslandırır.

Bununla yanaşı, “Axios” nəşrinin tanınmış jurnalisti Barak Ravid “X” platformasında ABŞ ordusunun Hörmüz boğazı ətrafında da hərbi zərbələr endirdiyini bildirib. Bu məlumat təsdiqlənəcəyi təqdirdə, dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bölgəsində vəziyyətin daha da mürəkkəbləşdiyini göstərə bilər. Hadisələrin diqqətçəkən tərəfi ondan ibarətdir ki, zərbələrdən cəmi bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs rejimini pozmaqda ittiham etmişdi. Bu isə Vaşinqton və Tehran arasında onsuz da gərgin olan münasibətlərin yeni qarşıdurma mərhələsinə keçə biləcəyi barədə ehtimalları artırır.
ABŞ-İran münasibətlərində yeni qarşıdurma mərhələsinin başladığını söyləmək olarmı? İranın bu hücumlara cavab verməsi ehtimalı nə qədər yüksəkdir? Tehran hansı hərbi, siyasi və ya diplomatik addımlara əl ata bilər?

Mövzu ilə bağlı professor, politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, “bu xəmir hələ çox su aparacaq”:
“Çünki İran tərəfi danışıqlarda bəzən diplomatik normalara uyğun davranmır, daha çox emosional və sərt ritorikadan istifadə edir. Bir tərəfdən “qalib gəlmişik, Amerika uduzub” kimi bəyanatlar səsləndirilir, digər tərəfdən isə ABŞ-dan əvvəlcə 300 milyard dollar, sonradan isə 30 milyard dollar təzminat tələb olunduğu bildirilir. Üstəlik, bir gün Hörmüz boğazını açıq saxlayırlar, ertəsi gün isə həmin boğazdan keçən gəmilərdən yenidən ödəniş və ya xərac tələb etməyə başlayırlar. Məhz bu məsələ həm Amerikanın, həm də beynəlxalq ictimaiyyətin ciddi narazılığına səbəb olub. Çünki Hörmüz boğazı beynəlxalq dəniz yollarının bir hissəsidir və hər hansı bir dövlətin daxili suları hesab edilmir. Bu, əsrlərdir formalaşmış beynəlxalq qaydadır. İndi isə birdən-birə hansısa tərəfin Hörmüz boğazına tam sahib çıxmağa çalışması, onun üzərində nəzarət iddiası irəli sürməsi və faktiki olaraq dünya ticarətinin mühüm hissəsini öz təsiri altına almağa cəhd göstərməsi ciddi narahatlıq doğurur. Məlumdur ki, dünya dəniz ticarətinin əhəmiyyətli hissəsi məhz bu marşrut üzərindən həyata keçirilir”.
Professor qeyd edib ki, belə bir şəraitdə bölgədə yaranan böhran daha da dərinləşir: “Hörmüz boğazında tankerlərlə və digər yük gəmiləri ilə daşımaların həcmi azalır, beynəlxalq yükdaşımalar risk altına düşür. İranın müxtəlif vaxtlarda Hörmüz boğazında hərəkət edən tankerlərə müdaxilə etməsi, onlara hücumlar təşkil etməsi və bəzi hallarda gəmilərin fəaliyyətini iflic etməsi ilə bağlı məlumatlar da zaman-zaman gündəmə gəlir.Bu proses təkcə dənizdə baş vermir. Bəzən İranın sahilboyu yerləşən hərbi bazalarının və digər obyektlərinin də Hörmüz boğazında hərəkət edən gəmilərə nəzarət və təzyiq mexanizmlərində iştirak etdiyi barədə iddialar səsləndirilir. Bütün bunlar bölgədə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirir. Azadlıq Radiosunun yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları yenidən İran istiqamətində “Tomahavk” tipli uzaqmənzilli raketlərdən istifadə edib. Bu raketlər yüksək dağıdıcı gücə malikdir və onların tətbiqi münaqişənin daha da genişlənə biləcəyi barədə narahatlıqları artırır. Hətta bəzi məlumatlarda qeyd olunur ki, İran mövqeyini dəyişməyəcəyi təqdirdə bu cür zərbələrin davam etdirilməsi istisna edilmir. Bununla yanaşı, İranın dəniz limanlarının da ciddi nəzarət altında olduğu bildirilir. İddialara görə, İran gəmilərinin beynəlxalq sularda hərəkəti ABŞ hərbi dəniz qüvvələri tərəfindən yaxından izlənilir və müxtəlif məhdudiyyətlərlə üzləşir”.
Qabil Hüseynlinin fikrincə, hazırkı şəraitdə əsas məqsəd müharibəni səngitmək, tərəflər arasında etimad mühiti yaratmaq və uzun illər ərzində formalaşmış qarşılıqlı düşmənçilik atmosferini aradan qaldırmaq olmalıdır. Xüsusilə ideoloji qarşıdurma elementləri İran tərəfdə daha qabarıq görünür. Lakin bu istiqamətdə addımlar atmaq əvəzinə, tərəflər qarşılıqlı gərginliyi daha da artırırlar: “Nəticədə Amerika da bu prosesə cavab olaraq indiyədək istifadə etdiyi silah sistemlərindən daha müasir və daha dağıdıcı vasitələri işə salır. Bu isə vəziyyətin sabitləşməsinə deyil, əksinə, daha da mürəkkəbləşməsinə xidmət edir. Bu günə qədər baş verən hadisələri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, İran ilə Amerika Birləşmiş Ştatları arasında yaxın zamanda hər hansı sülh sazişinin və ya genişmiqyaslı anlaşma memorandumunun imzalanması hələlik real görünmür”.

Professor qeyd edib ki, bu məsələdə xüsusilə İsrail amili də diqqət çəkir: “İsrail prosesdə ayrıca mövqedən çıxış edir və bölgədəki hadisələrə öz təhlükəsizlik maraqları prizmasından yanaşır. Bu da ümumi razılaşma imkanlarını daha da çətinləşdirən amillərdən biri kimi qiymətləndirilir. Ümumilikdə, bölgədə sabitlik, qarşılıqlı anlaşma və uzunmüddətli sülh mühiti yaratmağa yönəlmiş ciddi addımlar hələ görünmür. Əksinə, mövcud gedişat onu göstərir ki, hadisələr gələcəkdə daha təhlükəli və daha genişmiqyaslı hərbi qarşıdurmalara gətirib çıxara bilər”.
Musavat.com

