ABŞ Venesuelada baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə bu ölkəyə qarşı tətbiq etdiyi bəzi sanksiyaları müvəqqəti olaraq yumşaldıb.
Editor.az xəbər verir ki, müvafiq qərar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən qəbul edilib.
Qurumun açıqlamasına əsasən, 23 oktyabr tarixinədək zəlzələdən zərər çəkən əhaliyə humanitar yardım göstərilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün zəruri olan bütün maliyyə və digər əməliyyatlara icazə veriləcək. Normal şəraitdə bu əməliyyatlar ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaların təsiri altına düşürdü.
Xatırladaq ki, Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Paytaxt Karakasda çoxsaylı yaşayış binaları dağılıb və ya ciddi zədələnib. Simon Bolivar adına Mayketiya Beynəlxalq Hava Limanının terminalının dam örtüyünün bir hissəsi çökdüyündən bütün aviareyslər dayandırılıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin sözlərinə görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 188 nəfərə çatıb. Daha 1 520 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Bundan başqa, 37 mindən çox insan itkin düşmüş hesab olunur. ABŞ ekspertləri isə ölənlərin sayının 10 mini keçə biləcəyi ehtimalını irəli sürürlər.
//Gülnarə Abasova, Editor.az

