Tanınmış naxçıvanlı jurnalist, uzun müddət muxtar respublikanın rəsmi “Şərq qapısı” qəzetinə rəhbərlik edən Sara Əzimova Naxçıvandakı idarəçilik sistemi ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
O, sosial şəbəkə hesabında paylaşdığı geniş yazıda Naxçıvanda şəxsi maraqlar və daxili intriqaların dövlət idarəçiliyinə mənfi təsir göstərdiyini bildirib.
Jurnalist yazısına “Şəxsi maraqlar və şəxsi təkəbbür üzərində qurulan idarəçilik heç vaxt məmləkətə uğur gətirməz” fikri ilə başlayaraq, Naxçıvan Muxtar Respublikasının Səlahiyyətli Nümayəndəliyinin fəaliyyətinə dair bir sıra iradlar səsləndirib.
Sara Əzimovanın sözlərinə görə, Naxçıvanın Səlahiyyətli Nümayəndəliyinin sosial media hesabında əvvəllər müavin Samir Seyidəhmədlinin iştirak etdiyi tədbirlər mütəmadi işıqlandırılsa da, sonuncu “Karyera” sərgisi ilə bağlı paylaşım edilməyib.
“Bu dəfə isə onun “Kariyera” sərgisinin tədbiri paylaşılmadı. Səbəbi nədir? Çünki tədbirdə Baş nazir Cabbar Musayev də iştirak edib. Bu dəqiqə Səlahiyyətli nümayəndənin hədəfində odur. Çünki güclü kadrlara qarşı daxildə bir savaş var”, – deyə jurnalist qeyd edib.
O bildirib ki, rəhbərlik daxilində qarşıdurma və intriqaların hökm sürdüyü şəraitdə effektiv idarəçilikdən danışmaq mümkün deyil:
“Bir-birinə mane olan, bir-birini qəbul etməyən rəhbərlərlə sağlam idarəçilik qurmaq mümkün deyil. Nəticədə Naxçıvanda işləmək istəyən peşəkar insanlar belə uzaqlaşmağa üstünlük verirlər”.
Sara Əzimova həmçinin hesab edir ki, idarəçilik zahiri görüntülərlə deyil, real nəticələrlə qiymətləndirilməlidir.
“Eynək taxmaq, səs tonunu dəyişmək, müasir terminlər işlətmək və ya imic formalaşdırmaq idarəçilik deyil. Gecə yarısına qədər işıqları yanan kabinetlər də uğurun göstəricisi sayılmır. Əsl idarəçilik qəbul edilən qərarlarda, görülən işlərdə və insanların həyatında hiss olunan dəyişikliklərlə ölçülür”, – deyə o vurğulayıb.
Jurnalist paylaşımında Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə də toxunaraq bildirib ki, “idarəçilik görüntü deyil, məsuliyyətdir”.
Sara Əzimova növbəti yazılarında Naxçıvanda media üzərində təzyiqlərlə bağlı iddialarını konkret fakt və sənədlərlə ictimaiyyətə təqdim edəcəyini də açıqlayıb.
“Növbəti yazımda isə konkret faktlar və sənədlərlə Səlahiyyətli Nümayəndəliyin mediaya göstərdiyi təzyiqləri açıqlayacağam”, – deyə o qeyd edib.
Jurnalistin iddiasına görə, mediadan müxtəlif arayışların tələb olunması, tənqidi çıxışların media resurslarından çıxarılması, bəzi deputatların fəaliyyətlərinə görə vəzifələrdən uzaqlaşdırılması və qəzet materiallarının dərc prosesinə müdaxilə halları ilə bağlı məlumatlar növbəti yazılarda açıqlanacaq.
Səsləndirilən məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Editor.az

