Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərin dövlət hesabına pulsuz hüquqi yardım alması nəzərdə tutulur.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, maddi imkanları hüquqi yardım xərclərini qarşılamağa kifayət etməyən aztəminatlı şəxslər, o cümlədən orta aylıq gəliri cari il üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olan şəxslər pulsuz hüquqi yardım almaq hüququna malik olacaqlar.
Bundan başqa, aşağıdakı şəxslərin də pulsuz hüquqi yardımdan yararlanması nəzərdə tutulur:
– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
– işləməyən əlilliyi olan şəxslər;
– müvafiq dövlət orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
– şəhid ailələrinin üzvləri;
– müharibə veteranları;
– insan alveri qurbanları;
– məişət zorakılığından zərər çəkmiş şəxslər;
– korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslər;
– yetkinlik yaşına çatmayanlar;
– qaçqın statusu almış şəxslər və Azərbaycanda siyasi sığınacaq verilmiş şəxslər;
– valideyn himayəsindən məhrum olmuş şəxslər;
– cəzaçəkmə müəssisələrindən azad edilən şəxslər – azadlığa çıxdıqları tarixdən etibarən bir il müddətində;
barəsində probasiya nəzarəti tətbiq olunan şəxslər.
Qanun layihəsində cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə də dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilməsi nəzərdə tutulur. Bunun üçün həmin şəxsin peşəkar hüquqi yardımı ödəməyə kifayət qədər vəsaitinin olmaması əsas şərtlərdən biri olacaq.
Həmçinin xüsusi ittihamçıya, insan alveri qurbanlarına, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara, məişət zorakılığından zərər çəkmiş şəxslərə və ölmüş zərərçəkmiş şəxsin qanuni varisinə dövlət hesabına vəkil yardımı göstərilməsi nəzərdə tutulur.
Mülki və inzibati mübahisələr üzrə müəyyən edilmiş şəxslərin də məhkəmədə təmsil olunması ilə bağlı hüquqi yardım dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilə bilər.
İnzibati qaydada saxlanılan şəxslər, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslər də qanunvericiliyə uyğun olaraq dövlət hesabına peşəkar hüquqi yardımdan yararlana biləcəklər.
Bundan əlavə, hüquq və azadlıqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edən şəxslərin təmsil olunması üçün də müəyyən hallarda dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilməsi planlaşdırılır.
Qanun layihəsinin qəbul olunması ilə pulsuz hüquqi yardımdan yararlana biləcək şəxslərin dairəsinin daha dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur.

