Vitamin D bağırsaq iltihabını azaltmağa kömək edə bilər – araşdırmabackend

Vitamin D bağırsaq iltihabını azaltmağa kömək edə bilər – araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Mayo Klinikasının alimləri apardıqları araşdırmada vitamin D qəbulunun bağırsaq xəstəlikləri olan insanlarda immun sisteminin reaksiyasına təsir etdiyini və iltihabın azalmasına kömək edə biləcəyini müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Cell Reports Medicine jurnalında dərc olunub.

Araşdırmada Kron xəstəliyi və xoralı kolitdən əziyyət çəkən, eyni zamanda orqanizmində vitamin D səviyyəsi aşağı olan şəxslər iştirak edib. 12 həftə ərzində iştirakçılara vitamin D əlavəsi verilib və daha sonra onların qan və nəcis analizlərinin göstəriciləri müqayisə olunub.

Nəticələrə görə, vitamin D bağırsaqlarda qoruyucu immun anticisimlərindən olan IgA-nın səviyyəsini artırıb, iltihabla əlaqəli IgG-nin səviyyəsini isə azaldıb. Bundan başqa, bağırsaq iltihabının göstəricilərindən biri hesab olunan fekal kalprotektinin səviyyəsində də orta hesabla 722 mikroqram/qram azalma qeydə alınıb.

Alimlərin fikrincə, vitamin D immun sisteminə sadəcə zəiflədici təsir göstərmir, həmçinin onun bağırsaq mikroflorası ilə daha düzgün qarşılıqlı əlaqə qurmasına kömək edə bilər. Tədqiqatçılar bunun gələcəkdə bağırsağın iltihabi xəstəliklərinin müalicəsində əlavə yanaşma kimi istifadə oluna biləcəyini bildirirlər.

Qeyd edək ki, araşdırma xüsusilə vitamin D səviyyəsi aşağı olan və iltihabi bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslər üzərində aparılıb. Buna görə nəticələri bütün insanlar üçün vitamin D əlavəsinin zəruri olduğu kimi qiymətləndirmək olmaz.

//Gülnarə Abasova, Editor.az