ABŞ bombardmançı təyyarələrini Britaniyadakı hava bazasından çıxarıb.
Editor.az xəbər verir ki, “Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ mümkün terror hücumu təhlükəsi ilə əlaqədar Böyük Britaniyada yerləşən “RAF Fairford” hava bazasındakı bütün bombardmançı təyyarələrini geri çəkib.
ABŞ Müdafiə Nazirliyinin nəşrə verdiyi məlumata əsasən, bazada yerləşdirilən bütün Amerika bombardmançıları artıq ABŞ-dakı hərbi bazalara qaytarılıb.
Məlumata görə, Qlosterşir qraflığında yerləşən hava bazasının yaxınlığındakı Uelford kəndinin sakinləri sentyabrın sonunda ərazidə üç şübhəli avtomobil aşkarlandıqdan sonra təxliyə ediliblər. Hadisə ilə əlaqədar beş Britaniya vətəndaşı saxlanılıb, əraziyə isə partlayıcıların zərərsizləşdirilməsi üzrə hərbi qruplar cəlb olunub.
Britaniya hakimiyyəti hava bazasına mümkün terror hücumu riskini nəzərə alaraq araşdırmaya başlayıb. Eyni zamanda, hadisədə İranın rolunun olub-olmadığı ilə bağlı iddiaların da araşdırıldığı bildirilib.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem “RAF Fairford”da baş verənlərlə bağlı İranın mümkün roluna dair güclü əlamətlərin olduğunu açıqlayıb.
Qeyd olunur ki, ABŞ hərbi aviasiyası İrana qarşı hücumların başladığı fevralın 28-dən etibarən “RAF Fairford” bazasından istifadə edib. Britaniya tərəfi bazanın ABŞ tərəfindən müdafiə məqsədləri üçün istifadə edildiyini bildirsə də, “Chatham House” və bir sıra müstəqil analitiklər fərqli mövqedədirlər.

