Azərbaycan filmi Polşada beynəlxalq festivalda mükafata layiq görüldü.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” sənədli filmi Avropanın nüfuzlu kino platformalarından biri hesab olunan “NNW” Beynəlxalq Film Festivalında mükafat qazanıb.
Polşanın Qdınya şəhərində keçirilən 18-ci festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş 60 film nümayiş olunub. Festivalın nəticələrinə əsasən, “Sükut içində addımlar” ekran əsəri “Münsiflər heyətinin xüsusi qeydi” mükafatına layiq görülüb.
Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə ərsəyə gətirilən film Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyasının (TVP) birgə istehsalıdır.
Sənədli film Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesindən bəhs edir. Ekran əsərinin əsas qəhrəmanları minatəmizləmə işlərinə cəlb olunan qadınlardır.
Film təhlükəli və məsuliyyətli fəaliyyət göstərən bu qadınların həm peşə həyatını, həm də gündəlik yaşamını təqdim edir. Görünməz təhlükə ilə üz-üzə qalan qadınların ana, həyat yoldaşı və zərif qadın obrazları ilə peşəkar fəaliyyətləri arasındakı ziddiyyət ekran əsərinin əsas mövzularındandır.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut, prodüseri Orman Əliyev, rejissoru Fariz Əhmədovdur. Ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, operatoru Mateuş Çuxnovski, redaktoru isə Rasim İsmayılovdur. Kreativ prodüserlər Maçey Driqas və Tahir Əliyevdir.
Qeyd edək ki, Fariz Əhmədovun tammetrajlı sənədli filmi daha əvvəl 66-cı Krakov Film Festivalında “Ən yaxşı təsvir həlli” mükafatını qazanıb.
“Sükut içində addımlar” filmi oktyabrın 17-dən 25-dək Rumıniyada keçiriləcək “Astra Film Festivalı”nın proqramında da nümayiş olunacaq.


