Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunda tikinti işləri davam etdirilir.
Editor.az Moderator.az-a istinadən xəbər verir ki, Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik yolun inşası davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, yolun müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun şəkildə inşa olunur. Layihəyə əsasən, yol 4 və 2 hərəkət zolaqlı olmaqla nəzərdə tutulub.
Tikinti layihəsi çərçivəsində marşrut üzərində 4 körpünün və 56 suötürücü borunun inşası planlaşdırılır. Hazırda yol yatağının, suötürücü qurğuların və digər süni konstruksiyaların tikintisi aparılır.
İşlərin icrasına 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti cəlb olunub. Tikintinin fasiləsiz davam etdirilməsi üçün ərazidə asfalt-beton zavodu fəaliyyət göstərir. Həmçinin karxana materiallarının çeşidlənməsi məqsədilə xüsusi istehsalat sistemi qurulub.
Layihə tamamlandıqdan sonra Ağdamdan Ağdərəyə, oradan isə Suqovuşan və Kəlbəcərə qədər uzanan vahid avtomobil yolunun formalaşdırılması təmin ediləcək.
Yeni yolun istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat imkanlarının genişləndirilməsinə, yaşayış məntəqələri arasında yol əlaqəsinin yaxşılaşdırılmasına və Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin davamlı inkişafına mühüm töhfə verəcək.

