Sosial şəbəkələr gündəlik ünsiyyətin ayrılmaz hissəsinə çevrilsə də, virtual mühitdə fikir ayrılıqlarının ifadə forması cəmiyyətdə yeni psixoloji və sosial suallar doğurur. Xüsusilə fərqli mövqelər qarşılaşdıqda, müzakirələrin qısa zamanda qarşılıqlı ittiham və təhqirə çevrilməsi diqqət çəkir. Real ünsiyyətdə daha təmkinli davranan insanların sosial platformalarda sərt və aqressiv ifadələrdən istifadə etməsi isə bu davranışın arxasında hansı psixoloji amillərin dayandığı sualını aktuallaşdırır.
Sosial şəbəkələrdə insanlar niyə real həyatda deməyə cəsarət etmədikləri sözləri virtual mühitdə daha rahat deyirlər?
Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, bunun əsas səbəblərindən biri virtual məsafədir:
“Qarşımızdakı insanın üz ifadəsini və emosional reaksiyasını görmədikdə empatiya zəifləyə, sərt danışmaq isə daha asan ola bilər.
Digər tərəfdən, sosial media emosiyaların sürətli ifadəsini təşviq edir. Qəzəb, əsəb və frustrasiya ilə yazılan bir şərh bəzən düşünülmədən paylaşılır. İnsan sonradan peşman olsa da, həmin anda emosional impuls üstün gəlir.
“Biz və onlar” düşüncəsi də aqressiyanı gücləndirə bilər. Fərqli fikir bildirən insanı sadəcə başqa düşüncəyə sahib biri kimi deyil, “qarşı tərəf” kimi qəbul etdikdə, müzakirə asanlıqla şəxsi hücuma çevrilir.
Bəzən isə sosial mediada nümayiş etdirilən aqressiyanın arxasında gündəlik həyatın stressi və yığılmış emosional gərginlik dayanır. İnsan real həyatda ifadə edə bilmədiyi hissləri virtual məkanda daha sərt formada ortaya qoya bilər.
Əslində, fikir ayrılığı problem deyil. Problem fərqli düşünən insana hörməti itirdiyimiz zaman başlayır.
Unutmayaq: ekranın digər tərəfində də bir insan var”.
//Gülnarə Abasova, Editor.az

