“Sabahdan etibarən Ali təhsil müəssisələrinə ixtisas seçimi təsdiqi dövrü başlanılır. Bu proseslə bağlı abituriyentlər xüsusilə diqqətli olmalıdır. Əsasən də 1-ci və 4-cü qrup abituriyentləri bu məsələyə daha həssas yanaşmalıdır. Çünki burada həm plan yerləri, həm də müsabiqəyə buraxılan abituriyentlərin say çoxluğu və yüksək bal toplayan abituriyentlərin olması bunu deməyə əsas verir ki, bu istiqamətdə keçid ballarında müvafiq artımların olması gözlənilir”.
Bu fikirləri Editor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib.
Elçin Əfəndinin sözlərinə görə, xüsusilə 600-dən yüksək bal toplayan abituriyentlər bu məsələdə daha da diqqətli olmalıdır: “ 1-ci və 4-cü qrup üzrə ötən illə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayında çoxluq var. Bu ötən il və ondan əvvəlki il formalaşan keçid ballarına təsir edəcək, yəni ballar artacaq. Abituriyentlər keçən ilin keçid balına istinad etməsinlər. Bu onları yanlış istiqamətə yönəldə bilər. Xüsusi mütəxəssis rəyi alsınlar. Eyni zamanda sabah Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadənin saat 15.00-da canlı yayımı olacaq. Bu məlumatlara da diqqət etsinlər”.
Təhsil eksperti bildirib ki, ixtisas seçimi zamanı daha çox əmək bazarında tələb olunan ixtisaslara üstünlük verilməlidir: “Bu gün əmək bazarında elə ixtisaslar var ki, onların gələcəkdə əmək bazarında karyera imkanları məhduddur. 1-ci qrupda İnformasiya Texnologiyaları, 2-ci qrupda Maliyyə, Beynəlxalq iqtisadiyyat,3-cü qrupda hüquqşünas, pedaqoji, tarix yönümlü, 4-cü qrupda həkimlik, stomatoloq, pedaqoji yönümlü, 5-ci ixtisas qrupunda isə dizayn, təsviri incəsənət və ya fiziki tərbiyə müəllimliyi ixtisaslarına əmək bazarıda daha çox ehtiyac var. Amma bunlara qəbul olmaq üçün də minimal müsabiqə şərtini ödəyən hər bir abituriyent daha diqqətli seçim aparmalıdır”.
//Safura Bənnayeva, Editor.az

