ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…backend

ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi 255 min manat dəyərində nəqliyyat vasitələrinin satın alınması ilə bağlı tender elan edib. İlk baxışda adi dövlət satınalması kimi görünən bu müsabiqənin sənədlərinə diqqətlə baxdıqda bir sıra maraqlı suallar ortaya çıxır.

tender sənədlərinə əsasən, qurum 10 ədəd nəqliyyat vasitəsi almağı planlaşdırır. Bunun üçün dövlət büdcəsindən 255 min manat vəsait ayrılması nəzərdə tutulur. Sadə hesablamaya görə, hər bir avtomobilin təxmini dəyəri 25 min 500 manat təşkil edəcək.

Lakin tenderin məzmunu ilə tanış olduqda aydın olur ki, dövlət vəsaiti hesabına hansı marka və model avtomobillərin alınacağı barədə açıq məlumat yoxdur.

Avtomobil alınır, amma hansı?

Tender sənədində nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri uzun-uzadı sadalansa da, avtomobilin markası və modeli göstərilmir. Açıqlamada qeyd edilir ki, alınacaq avtomobillər ön hava yastıqları, ABS sistemi, elektron sabitlik nəzarəti (ESC), yoxuşda starta yardım sistemi (HAC), təkər təzyiqinə nəzarət sistemi (TPMS), arxa görüntü kamerası, parklama sensorları, bluetooth, kruiz-kontrol, açarsız daxilolma sistemi və digər funksiyalarla təchiz olunmalıdır.

Bundan əlavə, avtomobilin mühərrik həcmi 1350-1450 kub santimetr, gücü isə 90-100 at qüvvəsi arasında göstərilib. Transmissiya növü kimi isə 4 pilləli avtomatik sürətlər qutusu tələb olunur.

Lakin bütün bu göstəricilərə baxmayaraq, sənəddə avtomobilin hansı sinfə aid olduğu barədə məlumat verilmir.

Məsələn, sedan alınacaq, yoxsa hetçbek, krossover nəzərdə tutulur, yoxsa şəhər tipli minik avtomobili?

Bu sualların heç biri tender sənədlərində cavablandırılmır.

Texniki tələblər konkret modelə işarə edir?

Diqqətini çəkən digər məqam texniki göstəricilərin həddindən artıq detallı olmasıdır. Tenderdə mühərrikin həcmi, gücü, transmissiyası, hətta disklərin ölçüsünə qədər konkret göstəricilər yazılıb. Bununla belə marka və model qeyd edilməyib.

Maraqlıdır, texniki şərtlər bazardakı çoxsaylı avtomobillər üçün hazırlanıb, yoxsa əvvəlcədən seçilmiş müəyyən modelə uyğunlaşdırılıb?

Xüsusilə də 4 pilləli avtomatik transmissiya tələbi maraq doğurur. Çünki son illərdə avtomobil bazarında CVT, 6 pilləli və daha müasir transmissiyalar geniş yayılıb. Bu baxımdan tenderdə göstərilən texniki xüsusiyyətlərin bazardakı məhdud sayda modellərə uyğun gəlməsi ehtimalı istisna edilmir.

Təsnifat kodunda da uyğunsuzluq

Tender sənədlərində diqqət çəkən başqa bir məqam satınalmanın təsnifat kodudur. Belə ki, nəqliyyat vasitələrinin alınmasına dair elan “25121600 – Dəmir yolu və tramvay vaqonları” təsnifat kodu altında yerləşdirilib. Halbuki açıqlamada göstərilən texniki göstəricilər dəmir yolu vaqonuna deyil, minik avtomobilinə aiddir.

Bu səbəbdən satınalma predmeti ilə təsnifat kodu arasında uyğunsuzluq yaranır. Bunun texniki səhv, yoxsa başqa səbəbdən baş verdiyi isə açıqlanmır. Satınalma niyə minik avtomobilləri üçün deyil, dəmir yolu və tramvay vaqonları üzrə təsnifat kodu altında yerləşdirilib?

Dövlət vəsaiti hesabına həyata keçirilən hər bir satınalma ictimai maraq kəsb edir. Xüsusilə də büdcədən yüz minlərlə manat ayrıldığı hallarda şəffaflıq və aydınlıq daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan Dövlət Reklam Agentliyinin 255 min manatlıq avtomobil alışına dair tenderi də yalnız satınalma proseduru deyil, eyni zamanda cavablandırılmalıdır.

Bizimesr.com