Həkimdən xəbərdarlıq: Saçların kökdən qırılması dəmir çatışmazlığının əlaməti ola bilərbackend

Həkimdən xəbərdarlıq: Saçların kökdən qırılması dəmir çatışmazlığının əlaməti ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saçların güclü şəkildə qırılması və xüsusilə kök hissəsindən sınması orqanizmdə vacib qida maddələrinin çatışmazlığından xəbər verə bilər. Dermatoloq Ruzilə Kimin sözlərinə görə, belə hallar ən çox zülal və dəmir çatışmazlığı ilə əlaqədardır.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb. 

Mütəxəssis bildirib ki, normal şəraitdə saçın xarici qoruyucu qatı (kutikula) onun elastikliyini və möhkəmliyini təmin edir. Lakin bu qat zədələndikdə saç kövrəkləşir və uzunluğunun istənilən hissəsində, hətta kökün yaxınlığında belə qırıla bilir.  

Həkimin sözlərinə görə, saçın strukturuna ən çox zərər verən amillər arasında tez-tez fen, ütü və buruq alətlərindən istifadə, saçın boyanması, kimyəvi prosedurlar, hovuzlardakı xlorlu su, günəş şüaları, quru hava və şaxta yer alır. Bundan əlavə, yaş saçın kobud daranması, sərt daraqlardan istifadə, saçın dəsmalla sürtülməsi və həddindən artıq sıx yığılmış saç düzümləri də qırılma riskini artırır.  

Əgər saç baxımı düzgün aparılırsa, problemin səbəbi daxili sağlamlıq vəziyyətində axtarılmalıdır. Dermatoloq qeyd edib ki, ciddi pəhrizlər, zülal çatışmazlığı, dəmir defisiti və qalxanabənzər vəzin fəaliyyət pozğunluqları, xüsusilə hipotiroidizm, saçın keyfiyyətini pisləşdirərək onu daha kövrək hala gətirə bilər.  

Mütəxəssis vurğulayıb ki, saçların sadəcə uclarının qırılması ilə kökdən sınması arasında fərq var. Əgər saçlar məhz kök hissəsindən qopursa, bu, bəzi dermatoloji xəstəliklərin əlaməti ola bilər və həkim müayinəsi tələb edir.  

Onun sözlərinə görə, belə halların ən yayılmış səbəblərindən biri göbələk mənşəli infeksiyalar — məsələn, saçqıran və ya trixofitiyadır. Həmçinin seboreyalı dermatit, psoriaz və follikulit kimi baş dərisinin iltihabi xəstəlikləri də saç köklərinin qidalanmasını pozaraq qırılmalara səbəb ola bilər.  

Mütəxəssislər saçlarda qəfil kövrəklik və ya kökdən qırılma müşahidə edildikdə, dəmir səviyyəsinin və ümumi sağlamlıq göstəricilərinin yoxlanılmasını tövsiyə edirlər.

//Gülnarə Abasova, Editor.az