Tehranın Azərbaycana isti mesajlarının arxasında nə dayanır?-ŞƏRHbackend

Tehranın Azərbaycana isti mesajlarının arxasında nə dayanır?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər Azərbaycan-İran münasibətlərində müşahidə olunan nisbi yumşalma regional siyasi proseslərin fonunda diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. Rəsmi Tehranın Bakı ilə münasibətlərdə daha konstruktiv ritorikaya üstünlük verməsi, qarşılıqlı təmasların intensivləşməsi və diplomatik kanallar üzrə fəallığın artması bu tendensiyanın təsadüfi olmadığını göstərir. Ekspertlər hesab edirlər ki, regionda formalaşan yeni geosiyasi reallıqlar, eləcə də İranın xarici siyasət prioritetlərində baş verən dəyişikliklər iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsinə təsir göstərən əsas amillər sırasındadır.

Politoloq Sədrəddin Soltanlı Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Tehran hakimiyyəti müəyyən müddət ərzində yaranmış yeni reallıqlara uyğun siyasət xəttini formalaşdırmaqda çətinlik çəkirdi:

“İran bir müddət Azərbaycanla münasibətlərdə hansı xətti izləyəcəyini müəyyənləşdirə bilmədi. Müxtəlif dövrlərdə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparıldı, hədələyici bəyanatlar səsləndirildi. Hətta Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı da baş verdi. Lakin zaman keçdikcə Tehran bu yanaşmanın nəticə vermədiyini anladı və qonşu, eləcə də müsəlman ölkələrlə əməkdaşlığın genişləndirilməsi siyasətinə üstünlük verməyə başladı.

Bu çərçivədə İran Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdı. Əfqanıstanda hakimiyyətə gələn Talibanla əlaqələr əvvəlki dövrlərlə müqayisədə yenidən qurulmağa başladı. Pakistan və Türkiyə ilə münasibətlərdə də oxşar yanaşma nümayiş etdirildi. Xüsusilə Türkiyə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində siyasət seçildi.

Azərbaycanla münasibətlərdə də analoji proses müşahidə olunur. Tehran əvvəllər yol verdiyi yanlış addımları rəsmən etiraf etməsə də, onları aradan qaldırmaq və münasibətləri normallaşdırmaq üçün müəyyən təşəbbüslər göstərməyə başladı. Son dövrlərdə İran Prezidenti Məsud Pezeşkianın müsəlman və qonşu ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi barədə tezisləri yenidən gündəmə gətirməsi də bu siyasətin tərkib hissəsidir.

ABŞ və İsraillə yaşanan hərbi qarşıdurmalardan sonra İran üçün qonşu dövlətlərlə və müsəlman ölkələri ilə münasibətlərin normallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Çünki həmin dövrdə İran İnqilab Keşikçiləri Qvardiyası və ölkə daxilində fəaliyyət göstərən bəzi destruktiv qüvvələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılırdı. Bu baxımdan son aylarda Tehranın Bakıya nümayiş etdirdiyi daha müsbət münasibət həm keçmişdə buraxılmış səhvlərin aradan qaldırılması, həm Azərbaycana qarşı aparılmış təbliğatın təsirlərinin zəiflədilməsi, həm də gələcəkdə əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Politoloqun sözlərinə görə, son hadisələr bir daha göstərdi ki, Azərbaycan İran İslam Respublikası üçün mühüm və strateji əhəmiyyət daşıyan qonşu dövlətlərdən biridir.

“Müharibə dövründə Azərbaycanın İrana humanitar yardımlar göndərməsi də bunu təsdiqləyən amillərdəndir. Həmin dövrdə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsi də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin və münasibətlərin inkişafının hər iki tərəfin maraqlarına cavab verdiyini nümayiş etdirdi”.

//Gülnarə Abasova, Editor.az