Hikmət Babaoğlu: “Azərbaycan–Özbəkistan münasibətləri çox böyük strateji gələcəyə doğru gedəcək”çbackend

Hikmət Babaoğlu: “Azərbaycan–Özbəkistan münasibətləri çox böyük strateji gələcəyə doğru gedəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf edir. Dövlətlər arasında siyasi dialoqun yüksək səviyyəsi iqtisadi, nəqliyyat, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar isə mövcud əlaqələrin daha geniş və uzunmüddətli əməkdaşlıq formatına keçidi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, səfər iki ölkənin qarşılıqlı maraqlarını təmin edən yeni iqtisadi layihələrin, investisiya təşəbbüslərinin və regional əməkdaşlıq imkanlarının formalaşmasına mühüm təkan verə bilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qardaş Özbəkistana səfəri, heç şübhəsiz ki, bir çox parametrləri üzrə tarixi səfərdir:

“Və bu məsələdə bu səfərin tarixiliyi iki ölkə arasında əbədi dostluq haqqında müqavilənin imzalanmasındadır. Çünki əbədi dostluq haqqında imzalanan müqavilə artıq Özbəkistan-Azərbaycan dövlətlərarası münasibətlərini ikitərəfli, qarşılıqlı layihələr əsasında inkişaf etdirən münasibətlərdən sistemli, ümumi konseptual inkişaf və əməkdaşlıq səviyyəsinə qaldıran bir sənəddir. Dolayısıyla, Azərbaycan və özbək xalqlarının ortaq iradəsinin hüquqi-siyasi kontekstdə rəsmiləşdirilməsidir.

Səfər prosesində nələrin baş verdiyini təhlil etməyə çalışsaq, görəcəyik ki, ilk növbədə Özbəkistan-Azərbaycan münasibətləri bundan sonra iqtisadi kontekstdə ortaq investisiya və ortaq istehsal fəlsəfəsinə əsaslanır.

Yəni Azərbaycan və Özbəkistan qarşılıqlı şəkildə həm bir-birinə yatırım, investisiya qoyacaq, həm də istehsal olunan malların qarşılıqlı şəkildə istehlakçısına çevriləcək. İki ölkə arasında investisiya fondunun 500 milyon Amerika Birləşmiş Ştatları dolları səviyyəsinə çatdırılması da, demək, əldə edilmiş bu razılaşmanın konkret layihələrlə dəstəklənməsi deməkdir ki, bu da iki ölkənin iqtisadi əlaqələri üçün böyük gələcək vəd edir.

Ən eyni zamanda, heç şübhəsiz ki, burada önə çıxan ortaq yatırım və ortaq istehlak, ortaq istehsal üçbucağı hər şeydən öncə hər iki ölkədə yeni iş yerlərinin açılması deməkdir. Vətəndaşların əmək-istehsal münasibətlərinə cəlb edilməsi deməkdir. Vətəndaşlarımızın rifahının yaxşılaşması deməkdir.

Ona görə də mən düşünürəm ki, hazırkı mərhələdə bu sərmayə gələcək perspektivlər üçün də yeni imkanlar açacaqdır. Razılaşmaya əsasən, 2030-cu ilə qədər iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarına çatdırılmalıdır ki, mənə də gəlir ki, artıq bu məqsədə daha tez nail olmaq olar.

İkinci mühüm məsələ təkcə Bakı-Daşkənd xətti yox, regionlar üzrə paralel vektorların yaranmasıdır; həm mədəni-humanitar, iqtisadi sahədə, həm də elm, təhsil və turizm sahəsində. Əgər biz bu münasibətləri çarpaz gözdən keçirsək, görəcəyik ki, bu çoxşaxəli münasibətlər sistemli xarakter alır və bir növ institutlaşır.

Ona görə də, sözün əsl mənasında, əbədi dostluq siyasi fəlsəfəsinin hüquqi əsaslarının yaranması ilə doğrudan da iki ölkə arasında münasibətlər çox böyük strateji gələcəyə doğru gedəcəkdir.

Məsələnin başqa bir tərəfi isə Azərbaycanın yaratdığı kommunikasiyalar, logistika və Özbəkistanın Azərbaycan üzərindən Avropaya çıxması məsələsidir. Bu da mühüm strateji istiqamətdir. Nəhayət, Transxəzər marşrutu ilə birbaşa Özbəkistan-Azərbaycan xəttinin yaradılması da ayrıca bir tarixi hadisədir”.

//Gülnarə Abasova, Editor.az