Medvedyev Zelenskini HƏDƏLƏDİbackend

Medvedyev Zelenskini HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı növbəti dəfə sərt və təhdid xarakterli açıqlama verib. O, Zelenskinin gələcəkdə beynəlxalq tribunal qarşısına çıxarılacağını iddia etməklə yanaşı, həmin vaxta qədər sağ qalmaya biləcəyinə eyham vurub.

Medvedyev bu fikirləri “Yujnaya Osetiya” qəzetinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Qərbin 2008-ci ildən çıxarmalı olduğu “əsas dərs” Rusiya ilə müharibə etməyin yolverilməz olmasıdır.

“Rusiya tarixi belə cəhdlərin çoxunu görüb. Nəticə hər dəfə eyni olub: rus ruhunun və silahımızın gücünün təntənəsi, işğalçıların biabırçı qaçışı”, – deyə Medvedyev bildirib.

Rusiya rəsmisi daha sonra Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini misal çəkərək onun taleyini xatırladıb və Zelenski haqqında daha ağır ifadələr işlədib.

Medvedyev Ukrayna prezidentini “neonasist”, “terrorçu” və “Kiyev xuntasının başçısı” adlandıraraq iddia edib ki, tezliklə Zelenski nə Ukrayna vətəndaşlarına, nə də Qərbdəki tərəfdaşlarına lazım olacaq.

“Cinayətlərinə görə beynəlxalq tribunal – “Nürnberq 2.0” qarşısında dayanacaq. Əgər o vaxta qədər yaşaya bilsə”, – Dmitri Medvedyev deyib.

Sonuncu ifadə faktiki olaraq Ukrayna prezidentinin həyatı ilə bağlı açıq təhdid və ya ölümə eyham kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bir vaxtlar Rusiya hakimiyyətində nisbətən liberal siyasətçi obrazı ilə təqdim edilən Medvedyev son illərdə xüsusilə sosial şəbəkələrdə Qərb və Ukrayna ünvanına son dərəcə aqressiv, bəzən nüvə təhdidləri də ehtiva edən açıqlamaları ilə gündəmə gəlir. Onun alkoqoldan hədsiz istifadəsi ilə bağlı iddialar da illərdir həm xarici, həm də Rusiya mediasında və siyasi çevrələrdə müzakirə olunur.

Musavat.com