AzTU Özbəkistan universitetləri ilə yeni proqramlara başlayırbackend

AzTU Özbəkistan universitetləri ilə yeni proqramlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı son illərdə daha da genişlənərək təhsil, elm, innovasiya və akademik mübadilə sahələrini əhatə edir. İkili diplom proqramları, birgə elmi-tədqiqat layihələri və professor-müəllim və tələbə mübadiləsi iki ölkənin universitetləri arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova AZƏRTAC-a açıqlamasında bildirib ki, AzTU ilə Özbəkistan Respublikasının Beynəlxalq Türk Dövlətləri Universiteti və Asiya Texnologiyalar Universiteti arasında ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı müqavilələr imzalanıb. Proqramların növbəti tədris illərindən icrasına başlanılması nəzərdə tutulur. Hazırda Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə də ikili diplom proqramının yaradılması istiqamətində danışıqlar aparılır.

S.İsgəndərova qeyd edib ki, Azərbaycan Texniki Universiteti ilə Daşkənd Dövlət Nəqliyyat Universitetinin birgə yaratdığı Logistika və Nəqliyyat sahəsində Birgə Tədqiqat Platforması çərçivəsində beynəlxalq yükdaşımalar, şəhər mobilliyinin təşkili və nəqliyyat texnologiyaları üzrə birgə elmi-tədqiqatlar aparılır. O bildirib ki, cari tədris ilində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin elan etdiyi elm müsabiqəsində AzTU bir neçə Özbəkistan ali təhsil müəssisəsi ilə birgə qrant layihələri təqdim edib.

“AzTU beynəlxalq tərəfdaşlıqların inkişafına xüsusi önəm verir. Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığımız yalnız təhsil proqramları ilə məhdudlaşmır, həm də birgə elmi tədqiqatları, innovasiya layihələrini və akademik mübadiləni əhatə edir”, – deyə S.İsgəndərova vurğulayıb.

Mətbuat katibi qeyd edib ki, AzTU Asiya İnkişaf Bankının “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı” çərçivəsində “Yaşıl bacarıqların inkişafının gücləndirilməsi” adlı texniki yardım layihəsində də iştirak edir. Layihə çərçivəsində AzTU Özbəkistanın Milli Tədqiqat Universiteti – Daşkənd Kənd Təsərrüfatı İrriqasiya və Mexanizasiya Mühəndisləri İnstitutu ilə su ehtiyatlarından səmərəli istifadə, bərpaolunan enerji texnologiyaları, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətlərində əməkdaşlıq edir.

S.İsgəndərova bildirib ki, AzTU-nun tədqiqatçıları Özbəkistanın bir sıra ali təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə mütəmadi olaraq birgə elmi məqalələr dərc edirlər. Eyni zamanda, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Daşkənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti ilə birgə elmi fəaliyyət həyata keçirilir, doktorantların birgə müdafiəsinin təşkili istiqamətində işlər aparılır.

“Akademik mübadilə əməkdaşlığımızın mühüm istiqamətlərindəndir. Son illərdə AzTU-nun 30 nəfər professor-müəllim heyəti mübadilə proqramları çərçivəsində Özbəkistanın ali təhsil müəssisələrində olub. Özbəkistanın ali təhsil müəssisələrindən isə 100-dən çox professor-müəllim və tələbə mübadilə proqramları çərçivəsində AzTU-da olub”, – deyə mətbuat katibi əlavə edib.

O, qarşıdakı dövrdə Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. S.İsgəndərovanın sözlərinə görə, yeni ikili diplom proqramlarının hazırlanması, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin sayının artırılması əsas istiqamətlərdəndir.

“Qarşıdakı illərdə Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi planlaşdırılır. AzTU “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi”, “Azərbaycan-Mərkəzi Asiya Rəqəmsal Dəhlizi” və “Azərbaycan-Orta Asiya Bilik Dəhlizi” çərçivəsində yaşıl enerji texnologiyaları, enerjidən səmərəli istifadə, data elmi, süni intellekt, kibertəhlükəsizlik, telekommunikasiya, yeni materiallar, su ehtiyatlarının idarə olunması, ədalətli keçid və kənd təsərrüfatında smart texnologiyaların tətbiqi istiqamətlərində ortaq tədqiqatların genişləndirilməsində maraqlıdır”, – deyə S.İsgəndərova vurğulayıb.