ABŞ-dan tarixi viza qərarı: 200 minə yaxın şəxsin vizası ləğv edilə bilərbackend

ABŞ-dan tarixi viza qərarı: 200 minə yaxın şəxsin vizası ləğv edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası ölkəyə kommersiya və turizm vizaları ilə daxil olduqdan sonra sığınacaq üçün müraciət edən xarici vətəndaşların qeyri-immiqrant vizalarını ləğv etməyə hazırlaşır.

Editor.az xəbər verir ki, yeni qaydanın ABŞ Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcəyi bildirilir. Rəsmi qurumlar dəqiq say açıqlamasa da, ABŞ mediasının hesablamalarına görə, qərarın 2016–2026-cı illər arasında verilmiş B1 və B2 vizalarına şamil olunması və təxminən 200 min şəxsi əhatə etməsi mümkündür. Plan qüvvəyə minərsə, bu, ABŞ tarixində ən genişmiqyaslı kütləvi viza ləğvetmə əməliyyatlarından biri olacaq.

Qərara əsasən, ABŞ-a qısamüddətli səfər məqsədilə daxil olduqdan sonra ölkədə qalmaq üçün sığınacaq istəyən və ya sığınacaq statusu əldə etməyə çalışan şəxslərin qeyri-immiqrant vizaları ləğv ediləcək.

ABŞ rəsmiləri vurğulayıblar ki, vizanın ləğv edilməsi həmin şəxslərin dərhal ölkədən deportasiya olunması anlamına gəlmir. Hazırda sığınacaq müraciətləri araşdırılan şəxslər kommersiya və ya turizm məqsədli səfər hüquqlarını itirəcək, onların hüquqi statusu isə yenidən müəyyənləşdiriləcək.

ABŞ Dövlət Departamentinin müavini Kristofer Landaunun sözlərinə görə, ölkənin sığınacaq sistemi uzun müddətdir əsassız və etibarsız müraciətlərlə yüklənib. ABŞ hökuməti yeni addımı daxili təhlükəsizliyin gücləndirilməsi zərurəti ilə əsaslandırır.

İnsan hüquqları təşkilatları isə qərara etiraz edərək bildiriblər ki, bu siyasət ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququna mənfi təsir göstərə bilər.

//Gülnarə Abasova, Editor.az