Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi iki ölkənin yalnız ikitərəfli əlaqələrini deyil, daha geniş regional əməkdaşlıq gündəliyini də əhatə edən yeni perspektivlər formalaşdırıb. İmzalanan sənədlər siyasi dialoqun institusional əsaslarını möhkəmləndirməklə yanaşı, iqtisadi əlaqələrin, nəqliyyat-kommunikasiya imkanlarının və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün əlavə zəmin yaradır. Eyni zamanda, Bakı və Daşkənd arasında artan koordinasiya Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi və Türk dünyasında əməkdaşlıq proseslərinin daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər son 6-7 ildə intensiv xarakter alıb və qısa müddət ərzində münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə, hazırda isə əbədi dostluq münasibətləri səviyyəsinə yüksəldiyini görürük:
“Azərbaycan və Özbəkistan tarixi, milli, mənəvi və mədəni bağlarla bir-birinə bağlı olan iki qardaş toplumdur. Tarixən ölkələrimiz arasında münasibətlər hər zaman normal olub. Hazırda da Azərbaycan və Özbəkistan bir-birini bütün platformalarda dəstəkləyir və demək olar ki, əksər məsələlərdə eyni mövqedən çıxış edirlər.
Münasibətlərimiz siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, çoxşaxəli xarakter daşıyır. Xüsusilə ticarət dövriyyəsinin son illərdə üç dəfə artması diqqətəlayiqdir və bunu olduqca ciddi sıçrayış hesab etmək olar. Belə ki, 795 milyon dollarlıq ticarət həcmi üç dəfə artıb. Bu göstəricinin yaxın 3-4 ildə 1 milyard dollara çatdırılması, gələcəkdə isə daha böyük rəqəmlərlə ifadə olunması gözlənilir. Sırağagün keçirilən Ali Dövlətlərarası Şuranın toplantısında da bu istiqamətdə mühüm qərarlar qəbul edildi.
Bu münasibətlər həm də praktiki əhəmiyyət daşıyır və hər iki dövlətin maraqlarına cavab verir. Azərbaycan və Özbəkistan iqtisadiyyat, mədəniyyət, humanitar sahə, enerji, nəqliyyat, logistika və hərbi-texniki əməkdaşlıq istiqamətlərində əlaqələrini inkişaf etdirir, qarşılıqlı münasibətləri genişləndirir və investisiya qoyuluşlarını artırırlar.
İki dövlətin birgə yaratdığı investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Lakin bir daha vurğulandı ki, qarşıda həyata keçiriləcək layihələrin ümumi həcmi investisiya şirkətinin nizamnamə kapitalından xeyli çox olacaq. Bu da gələcək əməkdaşlığın perspektivləri baxımından mühüm göstəricidir və münasibətlərimizin bu istiqamətdə daha da inkişaf etdiriləcəyini göstərir.
Özbəkistan Qarabağda bərpa və quruculuq işlərinə ilk qoşulan ölkələrdəndir. Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına orta məktəb təmənnasız olaraq inşa edilib. Xankəndidə tekstil fabrikinin açılması və digər istiqamətlərdə atılan addımlar, eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda investisiya qoyması və ölkənin iş həyatında fəal iştirak etməsi də qarşılıqlı münasibətlərin inkişafının göstəricisidir.
Nəzərə alsaq ki, Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində də ortaq mövqedən çıxış edirlər, bu istiqamətdə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Belə ki, ötən il Orta Dəhliz vasitəsilə 1 milyon 400 min ton Özbəkistan məhsulu dünya bazarlarına çıxarılıb.
Azərbaycan Özbəkistan üçün Qərbə və Avropaya çıxış qapısı, mühüm tranzit körpü rolunu oynayır. Biz Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdiririk. Eyni zamanda, Azərbaycan və Özbəkistan Xəzər dənizində yükdaşıma və donanma ilə bağlı da mühüm qərarlar qəbul ediblər. Daşımaların birgə həyata keçirilməsi nəzərdə tutulur.
Özbəkistanın da burada gəmilərinin olması planlaşdırılır. Özbəkistan mallarının daşınmasını təmin etmək məqsədilə Ələt Beynəlxalq Dəniz Limanında Özbəkistana ayrıca sahənin ayrılması da bu əməkdaşlığın xüsusi xarakter daşıdığını göstərir. Bu, ölkələrimiz arasında münasibətlərin müstəsna səviyyəsinin göstəricisidir.
Şübhəsiz ki, biz enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində Özbəkistanla əməkdaşlığı gücləndiririk. Gələcəkdə Özbəkistan və Qırğızıstanda istehsal olunacaq bərpa olunan enerjinin Xəzər dənizinin dibi ilə çəkiləcək kabellər vasitəsilə Azərbaycan üzərindən Avropaya çatdırılması nəzərdə tutulur. Bunlar son illərdə həyata keçirilən birgə layihələr və razılaşdırılan mühüm məsələlərdir”.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatında birlikdə fəaliyyət göstərməsi və tərəfdaş olması da nəzərə alınarsa, imzalanan sənədlər Türk dünyasının inteqrasiyası baxımından ciddi təkan rolunu oynayır:
“Şübhəsiz ki, bu, hər iki ölkənin maraqlarına uyğundur. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya siyasətində daha ciddi rol oynayacağını göstərir. Bildiyiniz kimi, Mərkəzi Asiya dövlətlərini birləşdirən C5 formatı Azərbaycanın tamhüquqlu üzv qəbul edilməsindən sonra C6 formatına çevrilib və faktiki olaraq bununla Mərkəzi Asiya ilə Cənubi Qafqaz vahid geosiyasi məkana çevrilib.
Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında münasibətlərin bu səviyyəyə yüksəldilməsi hər iki ölkənin maraqlarına tam şəkildə cavab verir. Bu, həm Özbəkistanın öz regionunda mövqelərini gücləndirir, həm də Azərbaycanın Mərkəzi Asiyada və Cənubi Qafqazda rolunu artırır. Eyni zamanda, Cənubi Qafqazda Özbəkistanın mövqelərinin də güclənməsinə şərait yaradır.
Özbəkistan Azərbaycan vasitəsilə Orta Dəhlizdə iştirak edir, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və Azərbaycanda, eləcə də Cənubi Qafqazda investisiyalar həyata keçirir. Bütün bunlar Özbəkistan üçün də əhəmiyyətli addımlar hesab oluna bilər”.
//Gülnarə Abasova, Editor.az

