Suriyada böyük oyun başlayır – SON DƏQİQƏ!backend

Suriyada böyük oyun başlayır – SON DƏQİQƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada Bəşər Əsəd dövrünün başa çatmasından sonra ölkənin qarşısında yalnız siyasi deyil, həm də iqtisadi baxımdan ağır və mürəkkəb mərhələ dayanır. Uzun illər davam edən müharibə, beynəlxalq sanksiyalar və iqtisadi təcrid ölkənin infrastrukturunu ciddi şəkildə zəiflədib. İndi isə Vaşinqtonun Dəməşqlə bağlı atdığı yeni addım Suriyanın gələcəyi baxımından mühüm dəyişikliklərin anonsudur. ABŞ-nin Suriyanı terroru dəstəkləyən dövlətlər siyahısından çıxarması Dəməşq üçün beynəlxalq iqtisadi mühitin dəyişməsi baxımından mühüm qərardır. Bu addım Suriyanın xarici investisiyalara, maliyyə resurslarına və beynəlxalq iqtisadi əlaqələrə çıxış imkanlarını genişləndirə, ölkənin müharibədən sonra bərpası prosesinə əlavə impuls verə bilər.

Əslində, Vaşinqtonun qərarı yalnız Suriyanın iqtisadi gələcəyi ilə bağlı məsələ deyil. Burada daha böyük geosiyasi mənzərə var. ABŞ-nin Dəməşqlə münasibətlərində yumşalmanın baş verməsi Suriyanın regiondakı roluna, qonşu ölkələrlə əlaqələrinə və Yaxın Şərqdə formalaşan yeni güc balansına da təsir göstərəcək.

ABŞ-nin bu qərarı Suriyanın iqtisadi dirçəlişinə real imkan yaradacaqmı? Dəməşq beynəlxalq investisiyaları və maliyyə resurslarını ölkəyə cəlb edə biləcəkmi? Vaşinqtonun Suriyaya münasibətindəki bu dəyişiklik Yaxın Şərqdə yeni siyasi xəritənin formalaşmasına gətirib çıxara bilərmi? Digər Qərb ölkələri də ABŞ-nin ardınca Dəməşqlə bağlı siyasətini dəyişəcəkmi? Suriyada həqiqətən yeni dövr başlayır?

WhatsApp Image 2026-08-03 at 14.01.44.jpeg (143 KB)

Politoloq Həsən Məmmədov Musavat.com-a bildirib ki, ABŞ-nin Suriyaya münasibətindəki son dəyişiklik ilk baxışdan Dəməşqin beynəlxalq təcriddən çıxması və iqtisadi bərpası üçün müsbət addım kimi görünür:

“Vaşinqtonun Suriyanı terroru dəstəkləyən dövlətlər siyahısından çıxarması həqiqətən də investisiya və maliyyə imkanlarının qarşısını alan mühüm maneələrdən birini aradan qaldırır. Lakin ABŞ-nin Suriya siyasətinə yalnız iqtisadi prizmadan yanaşmaq doğru olmaz. Burada Vaşinqtonun daha geniş geosiyasi maraqları var. ABŞ uzun illər Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri İŞİD-ə qarşı əsas yerli tərəfdaş kimi dəstəklədi. Bu qüvvələrin İŞİD-lə mübarizədə verdiyi itkilər və oynadığı rol danılmazdır. Lakin indi Vaşinqtonun siyasəti dəyişir və SDQ-nin ayrıca hərbi-siyasi güc kimi saxlanılmasından daha çox onun yeni Suriya dövlətinin strukturlarına inteqrasiyasına üstünlük verilir. Suriya hökuməti ilə SDQ arasında inteqrasiya prosesi də artıq dövlət strukturlarının bərpası istiqamətində irəliləyir. Burada ABŞ qarşısında ciddi məsuliyyət dayanır. Vaşinqton İŞİD-lə mübarizədə kürdlərdən istifadə edib, onları silahlandırıb və siyasi-hərbi tərəfdaşa çeviribsə, indi də onların taleyini sadəcə öz regional maraqlarına uyğun şəkildə müəyyən etməməlidir. Kürdlərin hüquqları qorunmalı, lakin eyni zamanda Suriyanın ərazi bütövlüyü təmin edilməlidir. ABŞ-nin ən düzgün siyasəti kürdləri Dəməşqdən daim ayrı saxlamaq yox, onların hüquqlarını təmin etməklə yeni Suriya dövlətinə inteqrasiyasını dəstəkləmək olmalıdır. Eyni zamanda, Vaşinqton İsrailə münasibətdə də daha prinsipial mövqe nümayiş etdirməlidir. ABŞ bir tərəfdən Suriyanın suverenliyindən, sabitliyindən və yenidən qurulmasından danışır, digər tərəfdən isə İsrailin Suriya ərazisində hərbi əməliyyatlarının qarşısını almaqda kifayət qədər sərt mövqe göstərmir. Son günlər İsrailin Suriyadakı hərbi zərbələri və əraziyə müdaxilələri yenidən gündəmə gəlib. Xarici KİV-lərin məlumatına görə, Dəməşq İsrailin son hava hücumlarının dayandırılmasını və İsrail qüvvələrinin 2024-cü ilin sonundan sonra tutduğu Suriya ərazilərindən geri çəkilməsini tələb edir”.

Politoloq burada ən böyük problem kimi Qolan yüksəkliklərini görür:

“Bu ərazi 1967-ci ildən İsrailin nəzarətindədir və İsrail 1981-ci ildə onu ilhaq etdiyini elan edib. Suriya isə Qolan üzərində suverenlik iddiasını davam etdirir. Buna görə ABŞ Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyini deyirsə, İsrailin işğal etdiyi Suriya torpaqları məsələsinə də eyni prinsipiallıqla yanaşmalıdır. ABŞ-nin İsrail qarşısında nümayiş etdirdiyi ikili standartlar regionda ciddi suallar doğurur. Suriyadan suverenliyinə hörmət etməsi tələb olunur, amma İsrailin Suriya ərazisində hərbi fəaliyyətinə münasibətdə eyni sərtlik nümayiş etdirilmir. Halbuki son günlər hətta ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi İsrailin Suriyadakı bir hava bazasına zərbəsini “lazımsız eskalasiya” kimi qiymətləndirib. Əgər ABŞ həqiqətən Suriyada yeni dövrün başlamasını istəyirsə, onda bu yeni dövr yalnız Əsəd hakimiyyətinin getməsi və sanksiyaların yumşaldılması ilə məhdudlaşmamalıdır. Vaşinqton Suriyanın ərazi bütövlüyünü, kürdlərin hüquqlarını və yeni hökumətin dövlət quruculuğunu dəstəkləməli, eyni zamanda İsrailin Suriya ərazisində davam edən hərbi müdaxilələrinə qarşı daha prinsipial mövqe tutmalıdır. Əks halda ABŞ-nin siyasəti Suriyanın müstəqil dövlət kimi güclənməsinə deyil, Yaxın Şərqdə öz strateji maraqlarının təmin edilməsinə xidmət edən siyasət kimi qiymətləndiriləcək. Suriyanın gələcəyi hansısa böyük dövlətin geosiyasi hesablamalarından asılı olmamalıdır. İŞİD-lə mübarizə aparan kürdlərin hüquqları qorunmalı, yeni Suriya hökumətinə dövlət quruculuğunda real imkan verilməli və ən əsası, Suriya torpaqları üzərindəki xarici hərbi işğal və müdaxilələrə son qoyulmalıdır. ABŞ-dən gözlənti də məhz budur. Vaşinqton Suriyada yeni bir təsir dairəsi yaratmaq əvəzinə həqiqətən suveren, ərazi bütövlüyü təmin edilmiş və bütün vətəndaşlarının hüquqlarını qoruyan Suriya dövlətinin qurulmasına dəstək verməlidir”.