Avropada sentyabr ayında daha münasib qiymətə səyahət etmək istəyənlər üçün ən ucuz istiqamətlər açıqlanıb.
Editor.az xəbər verir ki, reytinqdə ilk pilləni Albaniyanın paytaxtı Tirana tutub.
Məlumata görə, araşdırmanı Thomas Cook şirkəti aparıb. Şirkət 50-dən çox populyar turizm istiqamətini təhlil edərək sentyabr ayında gecələmə xərci 100 avrodan aşağı olan şəhərləri müəyyənləşdirib.
Reytinqin lideri Albaniyanın paytaxtı Tirana olub. Şəhərdə bir günlük qalmağın orta qiyməti təxminən 32 avro təşkil edir. Büdcəyə uyğun restoranda şam yeməyinin qiyməti orta hesabla 8,50 avro, yerli pivənin qiyməti isə təxminən 1,50 avrodur.
İkinci yerdə Rumıniyanın paytaxtı Buxarest qərarlaşıb. Burada restoranda şam yeməyi orta hesabla 12 avrodan bir qədər baha başa gəlir, şəhərdaxili avtobus üçün gediş kartının qiyməti isə təxminən 1,50 avro təşkil edir.
İlk beşlikdə Türkiyənin iki şəhəri də yer alıb. Antalya Polşanın Varşava şəhəri ilə birlikdə üçüncü pilləni bölüşür. İstanbul isə beşinci sırada qərarlaşıb.
İstanbulda otellər də digər Avropa istiqamətləri ilə müqayisədə münasib qiymətləri ilə seçilib. Bir nəfər üçün gecələmənin orta qiyməti təxminən 28 avro, büdcəyə uyğun naharın qiyməti isə 8–9 avro civarındadır.
Ən sərfəli istiqamətlər siyahısına aşağıdakı şəhərlər də daxil edilib:
- Muğla, Türkiyə — gündəlik yaşayış xərci təxminən 87 avro;
- Krakov, Polşa — 87 avro;
- Vilnüs, Litva — 90 avro;
- Frankfurt, Almaniya — 90 avro;
- Lion, Fransa — 91 avro;
- Tallin, Estoniya — 93 avro;
- İraklion, Yunanıstan — 99 avro;
- Porto, Portuqaliya — 100 avro.
Mütəxəssislər sentyabr ayını Avropanın bir sıra istiqamətlərinə səyahət üçün əlverişli dövr hesab edirlər. Bu vaxt yay mövsümünün yüksək qiymətləri müəyyən qədər aşağı düşür və turist sıxlığı da azalır. (Газета.Ru)
Monteneqro ilə bağlı xəbərdarlıq
Bundan əvvəl turizm agentliyinin satış şöbəsinin rəhbəri Natalya Saxarova Monteneqronun çimərlik istirahətini ekskursiyalarla birləşdirmək istəyən turistlər üçün yaxşı seçim olduğunu bildirmişdi.
Onun sözlərinə görə, sentyabr ayında ölkədə dəniz suyu nisbətən sərin olsa da, çimmək üçün əlverişli şərait qalır.
Mütəxəssisin diqqət çəkdiyi əsas məqamlardan biri isə Monteneqronun 1 noyabrdan viza rejimi tətbiq etməyə başlayacağı ilə bağlıdır. Bu səbəbdən qarşıdakı aylar ölkəyə səfər etmək istəyən turistlər üçün əlverişli imkan kimi qiymətləndirilir.
//Gülnarə Abasova, Editor.az

