Hamiləlik zamanı neçə kiloqram çəki almaq normaldır? Həkim açıqladıbackend

Hamiləlik zamanı neçə kiloqram çəki almaq normaldır? Həkim açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamiləlik dövründə çəki artımı təbii proses hesab olunur. Lakin hamiləlik müddətində nə qədər çəki almağın normal olduğu qadının hamiləlikdən əvvəlki bədən kütləsi indeksindən (BKİ) asılıdır.

Editor.az xəbər verir ki, endokrinoloq Sergey Myasoedovun sözlərinə görə, bütün qadınlar üçün keçərli vahid çəki artımı norması yoxdur. Tövsiyə olunan göstərici əsasən hamiləlikdən əvvəlki çəkiyə əsasən müəyyənləşdirilir. İlkin BKİ nə qədər aşağıdırsa, hamiləlik zamanı icazə verilən çəki artımı da bir o qədər çox ola bilər. Artıq çəki və ya piylənmə zamanı isə bu göstərici daha aşağı olmalıdır.

Həkim bildirib ki, hamiləlikdən əvvəl normal çəkiyə sahib olan qadınlarda bütün hamiləlik müddətində təxminən 11,5–16 kq çəki artımı normal hesab olunur.

Digər göstəricilər isə belədir:

  • Çəkisi normadan aşağı olan qadınlar: təxminən 12,5–18 kq;
  • Artıq çəkisi olan qadınlar: təxminən 7–11,5 kq;
  • Piylənməsi olan qadınlar: təxminən 5–9 kq.

Mütəxəssis yalnız ümumi çəki artımına deyil, onun hansı sürətlə baş verdiyinə də diqqət yetirməyin vacib olduğunu vurğulayıb. Hamiləliyin ilk trimestrində çəki artımı adətən az olur. Əsas çəki artımı ikinci və üçüncü trimestrlərdə müşahidə edilir.

Həkim xəbərdarlıq edib ki, hamiləliyin ilk həftələrindən etibarən “iki nəfərlik yemək” prinsipinə keçmək faydalı deyil və bu, əksinə, həddindən artıq çəki artımına səbəb ola bilər.

Həddindən artıq çəki artımı çox kalorili qidalanma, fiziki aktivliyin azlığı, orqanizmdə maye yığılması və bəzi hamiləlik fəsadları ilə əlaqəli ola bilər. Xüsusilə qısa müddətdə sürətli çəki artımı, güclü ödem və arterial təzyiqin yüksəlməsi diqqət tələb edir. Bu əlamətlər hamiləlik zamanı təhlükəli vəziyyətlərdən biri olan preeklampsiyanın göstəricisi ola bilər.

Lakin həkimə görə, çox az çəki almaq da təhlükəli ola bilər. Xüsusilə hamiləliyin ikinci və üçüncü trimestrlərində qadın demək olar ki, çəki almırsa və ya arıqlamağa başlayırsa, bu barədə mütləq həkimlə məsləhətləşmək lazımdır.

Belə vəziyyətin səbəbləri arasında güclü toksikoz, kifayət qədər qidalanmama, mədə-bağırsaq sistemində problemlər və hamiləliyin gedişinə təsir edə biləcək digər hallar ola bilər.

Mütəxəssis hamiləlik dövründə özbaşına pəhriz saxlamağı və qidanı kəskin məhdudlaşdırmağı məsləhət görmür. Bu müddətdə qidalanma həm ananın, həm də dölün ehtiyac duyduğu zəruri qida maddələrini təmin etməlidir.

//Gülnarə Abasova, Editor.az