Rumıniya hərbçiləri Qara dənizdə, Neptun Deep qaz layihəsinin yaxınlığında dəniz dronunu məhv edib.
Hadisə ilə bağlı Rumıniya prezidenti Nikuşor Dan Rusiyanı məsuliyyətsiz təxribatlarda ittiham edib.
Editor.az xəbər verir ki, Məlumata görə, pilotsuz kater qaz platformasının yaxınlığında aşkarlanıb. Təhlükənin qarşısını almaq məqsədilə Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 qırıcısı havaya qaldırılıb. Onlardan biri dəniz dronuna bort topundan atəş açaraq onu zərərsizləşdirib.
Rumıniyanın müdafiə naziri Radu Mirusenin sözlərinə görə, aparat platformanın yaxınlığında aşkarlanıb və onun üzərində partlayıcı maddənin olduğu müəyyən edilib. Dronun mənşəyi rəsmi olaraq açıqlanmayıb. Ukrayna tərəfi isə aparatın öz Silahlı Qüvvələrinə məxsus olmadığını bildirib.
Nikuşor Dan hadisəyə münasibət bildirərək Rusiyanı Qara dənizdə təhlükəli insidentləri artırmaqda ittiham edib. O, Rumıniyanın NATO müttəfiqləri ilə birlikdə ölkənin təhlükəsizliyini və kritik infrastrukturu qorumağa davam edəcəyini vurğulayıb.
Hadisə Neptun Deep qaz layihəsinin yaxınlığında baş verib. Bu ərazi Rumıniya üçün strateji əhəmiyyət daşıyır və son həftələrdə burada bir neçə pilotsuz aparat aşkarlanaraq zərərsizləşdirilib.
//Samir Qurbanov, Editor.az

