Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin taleyini həll etməyə çalışır.
Ankaranın əsas məqsədi bu sistemlərdən imtina edərək ABŞ-ın F-35 beşinci nəsil qırıcıları proqramına yenidən qayıtmaqdır.
Məlumata görə, Türkiyə S-400-ləri üçüncü ölkəyə, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə ötürmək variantını nəzərdən keçirib.
Lakin bu istiqamətdə aparılan danışıqların nəticəsiz qalması Ankaranın qarşısında alternativ yollar axtarmaq zərurəti yaradıb.
Ekspertlər bildirirlər ki, S-400-lərin satılması mümkün olmasa, sistemlərin tamamilə istifadədən çıxarılması və ya məhv edilməsi variantı gündəmə gələ bilər. Belə bir addım Türkiyənin F-35 proqramına qayıtması üçün Vaşinqtonun əsas tələblərindən birini yerinə yetirməsinə imkan verə bilər.
Türkiyə 2019-cu ildə Rusiyadan S-400-ləri aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarılıb. Vaşinqton S-400-lərin F-35 qırıcılarının texnologiyası və radar göstəriciləri ilə bağlı həssas məlumatların təhlükə altına düşə biləcəyini əsas gətirib.
Hazırda Ankara üçün əsas məsələ S-400-lərin necə və hansı şərtlərlə Türkiyədən çıxarılmasıdır. Bu problem həll edilməyənədək ölkənin F-35 proqramına tam qayıdışı qarşısında ciddi maneə qalmaqda davam edir.

