Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? – QANLI BİZNESİN QARANLIQ TƏRƏFİbackend

Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? – QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Almaniyanın aparıcı media qurumları – Deutsche Welle (DW), ZDF və Der Spiegel jurnalistləri tərəfindən aparılan beynəlxalq araşdırma Keniyada fəaliyyət göstərən genişmiqyaslı orqan alveri şəbəkəsini üzə çıxarıb. Məlum olub ki, İsrail vətəndaşlarından ibarət orqan mafiyası 50 Azərbaycan vətəndaşının orqanlarını çıxaraq satıb. Araşdırmanın nəticələri Keniya mətbuatında da geniş işıqlandırılıb.

Keniyanın Eldoret şəhərində yerləşən xəstəxanalardan birində beynəlxalq şəbəkə vasitəsilə qanunsuz böyrək transplantasiyaları həyata keçirilib. Araşdırmada bildirilir ki, imkanlı xarici vətəndaşlar bir böyrək transplantasiyası üçün 200 min ABŞ dollarına qədər vəsait ödəyiblər. Əməliyyatlar üçün donorlar isə əsasən maddi sıxıntı yaşayan şəxslər arasından seçilib.

Ən diqqətçəkən məqamlardan biri odur ki, araşdırmada donorların əsasən Azərbaycandan seçildiyi, Qazaxıstan və Pakistandan da gətirildiyi vurğulanır. Vasitəçilərin maddi çətinlik içində yaşayan insanları müxtəlif vədlərlə razı saldığı, onların əksəriyyətinə əməliyyatın riskləri barədə tam məlumat verilmədiyi qeyd olunur.

Araşdırmaya əsasən, donorlardan bəzilərinə ingilis dilində sənədlər imzaladılıb. Onlar sənədlərin məzmununu başa düşmədən razılıq veriblər. Əməliyyatdan sonra isə bir çox donor ciddi sağlamlıq problemləri ilə üzləşib, bəziləri əvvəlki peşələrini davam etdirə bilməyib.

Materialda qeyd olunur ki, əvvəlcə transplantasiya üçün Keniyaya əsasən Somalidən xəstələr gəlsə də, sonradan İsrail və Almaniyadan gələn pasiyentlərin sayı sürətlə artıb. Bunun nəticəsində qanunsuz orqan alveri böyük gəlir gətirən beynəlxalq biznesə çevrilib. Əməliyyatlarda Hindistandan gətirilən həkimlərin iştirak etdiyi də iddia edilir.

Qalmaqallı araşdırmadan sonra Keniya Səhiyyə Nazirliyi məsələ ilə bağlı rəsmi araşdırmaya başladığını açıqlayıb. Nazirlik bildirib ki, orqan transplantasiyası ilə bağlı şübhəli fəaliyyət barədə ilk məlumatlar hələ 2023-cü ildə daxil olsa da, məsələ yenidən gündəmə gətirildikdən sonra xəstəxananın fəaliyyəti ciddi yoxlanılmağa başlanıb.

Daha sonra Keniya parlamentinin Səhiyyə Komitəsi də xüsusi araşdırma başladığını elan edib. Eyni zamanda ölkənin Cinayət Araşdırmaları İdarəsinin Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi istintaqı öz icraatına götürüb.

Araşdırmanın Azərbaycanla bağlı hissəsi xüsusi narahatlıq doğurur. Alman jurnalistlərinin təqdim etdiyi məlumatlar göstərir ki, beynəlxalq cinayətkar şəbəkələr iqtisadi çətinlik yaşayan Azərbaycan vətəndaşlarını hədəfə alaraq onları qanunsuz orqan transplantasiyası sxeminə cəlb ediblər.

Hazırda Keniyada aparılan istintaq davam edir. İstintaqın yekununda beynəlxalq orqan alveri şəbəkəsində iştirak etmiş şəxslər və onların müxtəlif ölkələrdəki əlaqələrinin tam müəyyən ediləcəyi gözlənilir.

Hazırda 24 yaşlı Azərbaycan vətəndaşının qurbana çevrildiyi qanunsuz orqan transplantasiyasına görə Almaniyada məhkəmə prosesi keçirilir. İttihama görə, 24 yaşlı Azərbaycan vətəndaşının böyrəyi Keniyada fəaliyyət göstərən özəl klinikada 59 yaşlı Almaniya sakininə köçürülüb. İndi həmin qadın Sabine Fişer-Kuqler orqan alverinə təhrik ittihamı ilə mühakimə olunur və onu 5 ilə qədər həbs cəzası gözləyir.

Beynəlxalq rezonans doğurmuş məhkəmədə Keniyanın Eldoret şəhərində yerləşən “MediHeal” klinikasının ətrafında fəaliyyət göstərdiyi iddia olunan beynəlxalq orqan alveri şəbəkəsinin fəaliyyəti araşdırma mövzusudur. Uzun illər böyrək çatışmazlığından əziyyət çəkən Sabine Fişer-Kuqler jurnalistlərə etiraf edib ki, böyrək əldə etmək üçün vasitəçilərə 100 min-200 min dollar, bəzi mənbələrə görə isə 200 min avro həcmində vəsait ödəyib. Almaniya qanunvericiliyinə görə insan orqanının alınması və ya satılması ilə bağlı maliyyə əməliyyatları cinayət hesab olunur. Məhkəmə prosesinin 2026-cı il iyunun 23-də Bavariyanın Vaysenburq şəhərində başlanıb. Qadın məhkəmədə peşman olduğunu və həyatda qalmaq üçün çıxış yolu axtardığını söyləyib.

Araşdırmalarda adı açıqlanmayan donorun 24 yaşlı Azərbaycan vətəndaşı olduğu göstərilir. Sabine Fişer-Kuqler bildirib ki, əməliyyatdan əvvəl və sonra həmin gənclə cəmi bir neçə dəqiqə görüşüb. Vasitəçilər ona donorla yaxın təmas qurmamağı tövsiyə ediblər. Ən diqqətçəkən məqamlardan biri isə budur ki, rəsmi sənədlərdə donorun heç bir ödəniş almadan könüllü şəkildə orqan bağışladığı göstərilib. Halbuki əməliyyatda iştirak edənlərin əksəriyyətinin onun pul aldığını deyiblər. Məbləğ açıqlanmasa da, donora adətən qəpik-quruş çatdığı ümumi məlum faktdır.

Azərbaycanlılar niyə hədəfə çevrilib?

Keniyada fəaliyyət göstərən istehlakçı təşkilatlarının və araşdırma qruplarının hesabatlarında diqqətçəkən bir fakt yer alıb. Həmin məlumatlara görə, xarici donorlar arasında Azərbaycan vətəndaşları xüsusi üstünlük təşkil edib. Hesabatda 50 Azərbaycan vətəndaşının donor qismində iştirak etdiyi qeyd olunur. Hətta 25 israilli pasiyentə məhz azərbaycanlı donorların böyrəklərinin köçürüldüyü göstərilir. Bu fakt Azərbaycan vətəndaşlarının beynəlxalq orqan alveri şəbəkələrinin hədəfinə çevrilməsi ehtimalını gündəmə gətirir.

Şəbəkənin arxasında kimlər dayanır?

Araşdırmalarda İsrail vətəndaşı Robert Şpolanskinin adı əsas fiqurlardan biri kimi hallanır. Tel-Əviv məhkəməsinin 2016-cı il ittiham aktında onun Şri-Lanka, Türkiyə, Filippin və Tailandda qanunsuz böyrək transplantasiyalarının təşkilində iştirak etdiyi qeyd olunub. Materiallarda həmçinin Boris Volfman adlı şəxsin beynəlxalq şəbəkənin rəhbərlərindən biri olduğu bildirilir. Şpolanski isə bu ittihamları rədd edir.

“MediHeal” qrupuna isə Hindistan əsilli keçmiş keniyalı deputat Şarup Mişra rəhbərlik edir. Onun fəaliyyəti ilə bağlı Keniyada həm ittihamlar, həm də əks arqumentlər səsləndirilib. Bir sıra araşdırma komissiyaları klinika rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tövsiyə etsə də, klinika bütün ittihamları rədd edir və qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirir.

Dünyanın yeni “qara bazarı”

Avropa Şurası və beynəlxalq hüquq müdafiə təşkilatları insan orqanlarının qanunsuz dövriyyəsini müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biri hesab edir. Bu cinayət növü əsasən kasıb donorlarla varlı xəstələr arasındakı sosial bərabərsizlikdən qidalanır. Sabine Fişer-Kuqlerin işi isə bu qlobal problemin yalnız görünən hissəsidir. Məhkəmə prosesində veriləcək qərar Almaniyada ilk nümunələrdən biri sayıla bilər. Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan gənclərin orqanları hesabına milyardlarla dollar qazanan beynəlxalq şəbəkələrin tam şəkildə ifşası və məsuliyyətə cəlb olunması mümkün olacaqmı?

Bu sualın cavabı təkcə Almaniya məhkəmələrinin deyil, həm də beynəlxalq hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılı olacaq. Azərbaycanda isə bu hadisə xaricdə vətəndaşlarımızın qanunsuz orqan alveri şəbəkələrinin qurbanına çevrilməsi riskinin nə qədər ciddi olduğunu bir daha göstərir.

Azərbaycan uzun illərdir ki, orqan mafiyasının hədəfindədir. Zaman-zaman Ukrayna, Belarus və digər dövlətlərdə əsasən İsrail vətəndaşları tərəfindən idarə edilən beynəlxalq orqan mafiyalarının ifşası ilə bağlı məlumatlar yayılır.
Mövzuya qayıdacağıq.

Müsavat.com