Ukrayna pilotsuz uçuş aparatlarının hücumları Moskvanın təhlükəsizlik sistemindəki ciddi problemləri üzə çıxarıb.
Bu barədə “MO” layihəsi məlumat yayıb.
Ekspertlərin təhlilinə görə, 1940-cı illərdən bəri ilk dəfə müharibə partlayışlar, yanğınlar və pilotsuz uçuş aparatlarının hücumları ilə Rusiya paytaxtına qədər gəlib çatıb.
Məlumata əsasən, son aylarda Ukraynanın PUA hücumları müntəzəm xarakter alıb. Hücumlar zamanı Moskva ətrafındakı neft emalı zavodları və yaşayış binaları zərər görüb. Müəlliflərin fikrincə, hava hücumundan müdafiə sistemləri bir sıra hallarda hədəfi vurmaqda çətinlik çəkib.
Paytaxt sakinləri hava həyəcanı sirenlərinin olmamasından, sığınacaqlar barədə məlumatın gizli saxlanılmasından narazıdırlar. Bildirilir ki, bir çox moskvalı təhlükəsiz yerləri internet vasitəsilə özü axtarmağa məcbur qalır.
Bəzi rayonlarda sığınacaqların ünvanları telefonla açıqlansa da, digər rayonlarda bu məlumat yalnız qeydiyyatda olan şəxslərə verilir. Müəlliflər iddia edirlər ki, nüvə təhlükəsi zamanı tətbiq olunacaq rəsmi planın da qeyri-müəyyənliyi narahatlıq doğurur.
Yazıda diqqət çəkən məqamlardan biri də Moskva meri Sergey Sobyanin və ailəsi ilə bağlıdır. Müəlliflər yazırlar ki, Julebino və Lyubertsı rayonlarının sakinləri PUA hücumları zamanı uşaqlarını hara aparacaqlarını düşündükləri halda, Sobyanin Rublyovkadakı mühafizə olunan iqamətgahda yaşayır. Bildirilir ki, merin qızı isə Ağ Evin qarşısındakı elit yaşayış kompleksində yerləşən 308 kvadratmetrlik mənzildə yaşayır.
Yazıda Moskva sakinlərinin sığınacaqlarla bağlı üzləşdiyi problemlərə də diqqət çəkilir. Müəlliflər yazırlar ki, paytaxtda bomba sığınacaqlarının ünvanları hərbi sirr kimi gizlədilir. Onlar bu ünvanları öyrənməyə çalışsalar da, bəzi rayonlarda məlumat telefonla verildiyi halda, digər rayonlarda vətəndaşlardan şəxsən gəlmək və həmin rayonda qeydiyyatda olduqlarını təsdiqləmək tələb olunub.
Daha diqqətçəkən məqam isə nüvə müharibəsi ilə bağlı rəsmi tövsiyədir. Məqalədə iddia olunur ki, belə vəziyyətdə sakinlərə “qonşu rayona qaçmaq” məsləhət görülür.
Musavat.com

