Rusiya-Ukrayna müharibəsinin taleyi necə olacaq? – Diqqətçəkən açıqlamabackend

Rusiya-Ukrayna müharibəsinin taleyi necə olacaq? – Diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi artıq uzunmüddətli və mürəkkəb mərhələyə qədəm qoyub. Cəbhə xəttində tərəflərin qarşılıqlı zərbələri davam edərkən, münaqişənin gedişatına yalnız hərbi amillər deyil, eyni zamanda qlobal geosiyasi proseslər, Qərbin Ukraynaya dəstəyi və regionda yaranan yeni təhlükəsizlik reallıqları da ciddi təsir göstərir. Bu baxımdan, müharibənin hazırkı mərhələsinin mümkün nəticələri və tərəflərin qarşıdakı strategiyası həm regional, həm də beynəlxalq təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.

Siyasi analitik Turan Rzayev Editor.az-a açıqlamasında bildirib ki, İran-ABŞ arasında gərginlik davam etdiyi təqdirdə, Rusiyada da, eləcə də Rusiya-Ukrayna müharibəsində intensivlik müşahidə olunur:

“Burada əsas məsələ Rusiyanın Qərbin və Amerikanın Ukraynaya diqqət ayıra bilməyəcəyi ehtimalından qaynaqlanır. Ukrayna tərəfi isə bu hücumları və dron zərbələri ilə əslində Qərbin və Amerikanın diqqətini çəkməyə çalışır ki, yəni bizim müharibə davam edir, daha təhlükəli bir vəziyyət var. Hələlik tərəflər bir-birinə ancaq zərbələr endirir və belə deyək, infrastrukturlarını, strateji məntəqə və mərkəzlərini sıradan çıxarırlar. Əslində, bilmədən hər iki tərəf bir-birinə qarşı tükətmə müharibəsi aparır.

Amma burada bir detal var ki, Rusiya sabah itirdiyi resursları və müəssisələri öz daxili bazarı hesabına təmir etməli, bərpa etməli olacaq. Amma Ukrayna tərəfinə Qərbdən yardımlar ayrılacaq. Bu mənada hesab edirəm ki, tərəflərin hazırkı müharibəsi hər iki tərəfin özünə də zərər vurmaqdadır. Əslində, prosesin hələlik xüsusi bir tərəfi yoxdur, yəni iki tərəf də bir-birinə qarşı əsasən tükətmə müharibəsi aparır. Amma yəqin ki, Rusiya ilə İran-Amerika arasında hansısa bir razılıq əldə olunsa, yenidən Vaşinqton diqqətini Kiyev-Moskva xəttinə yönəldəcək”.

// Gülnarə Abasova, Editor.az