ABŞ ordusunun Avropadakı Patriot hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları “kritik həddən də aşağı” səviyyəyə enib.
Editor.az xəbər verir ki, Associated Press-in ABŞ və NATO rəsmilərinə istinadən yaydığı məlumata görə, vəziyyət əsasən İranla müharibə fonunda raketlərin böyük hissəsinin Yaxın Şərqə göndərilməsi ilə əlaqədardır.
Məlumata görə, ABŞ və müttəfiqləri İranın raket və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq üçün çox sayda Patriot ələkeçirmə raketindən istifadə edib. Bu isə Avropadakı ehtiyatların əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
ABŞ-ın Avropadakı müdafiə rəsmilərindən biri bildirib ki, hazırkı ehtiyatlar mümkün uzunmüddətli ballistik raket hücumunun qarşısını almaq üçün kifayət deyil. NATO rəsmisi də Avropadakı Patriot ehtiyatlarının aşağı səviyyədə olduğunu təsdiqləyib.
Bununla yanaşı, NATO nümayəndəsi Patriot raketlərinin sayının “kritik həddən aşağı” düşməsi barədə iddialarla razılaşmayıb. Pentaqon da ABŞ-ın hərbi sursat çatışmazlığı ilə bağlı məlumatları təkzib edib.
Ekspertlərin fikrincə, Avropada Patriot ehtiyatlarının azalması Rusiyanın mümkün ballistik raket hücumu ilə bağlı narahatlıqları artırır. ABŞ-da raket istehsalının genişləndirilməsi planlaşdırılır, lakin ehtiyatların əvvəlki səviyyəyə qaytarılmasının bir neçə il çəkə biləcəyi bildirilir.
//Samir Qurbanov, Editor.az

