Türkiyədə “Süleymançılar” kimi tanınan qruplaşmaya qarşı aparılan genişmiqyaslı istintaqda keçmiş daxili işlər naziri İdris Naim Şahinin adına ayrılmış xüsusi işıq siqnallı avtomobil ciddi mübahisəyə səbəb olub.
Türkiyənin ədliyyə naziri Akın Gürlek istintaq materiallarında olan məlumatlarla keçmiş nazirin avtomobil barədə verdiyi açıqlamaların üst-üstə düşmədiyini bildirib.
Məsələnin kökündə Ankara Respublika Baş Prokurorluğunun “Alihan Kuriş cinayət təşkilatı” ilə bağlı apardığı istintaq dayanır. Avqustun 13-də 17 vilayətdə keçirilən ilk əməliyyatda 38 şübhəli saxlanılmış, onlardan 32-si həbs edilmişdi. İstintaqın sonrakı mərhələsində axtarışda olan Hilmi Tuna Kuriş və Erhan Yılmazın ölkədən qaçmağa hazırlaşdığı müəyyənləşdirilib.
Araşdırmanın ən diqqətçəkən məqamı onların daşınmasında istifadə edilən 34 SL 313 dövlət nömrə nişanlı avtomobil olub. İstintaq məlumatlarına görə, avtomobil San Sistem şirkətinin adına qeydiyyatda olsa da, 17 dekabr 2025-ci ildən 17 dekabr 2030-cu ilədək keçmiş daxili işlər naziri İdris Naim Şahinin istifadəsinə ayrılıb. Avtomobilin xüsusi işıq siqnalı ilə təchiz edildiyi bildirilir.
Avtomobili idarə edən şəxsin isə şirkətlə əlaqəli Mehmet Özmen olduğu müəyyən edilib. Nömrə Tanıma Sistemi, mobil telefon məlumatları və təhlükəsizlik kameralarının görüntüləri əsasında avtomobilin hərəkət marşrutu araşdırılıb. Məlumata görə, Özmenin istifadə etdiyi telefon avqustun 16-da saat 12:31-də söndürülüb, avtomobil isə həmin gün saat 15:05 radələrində ViaPort ərazisində qeydə alınıb. Telefon yalnız ertəsi gün yenidən aktivləşib. İzmirin Selçuk rayonundakı yanacaqdoldurma məntəqəsinin kameralarında da Özmenin avtomobildən düşdüyü, digər iki şəxsin isə maşından çıxmadığı müəyyənləşdirilib.
İdris Naim Şahin isə hadisədən xəbərsiz olduğunu bildirib. Keçmiş nazir avtomobili İstanbulda istifadə etmək üçün kirayəyə götürdüyünü, özü şəhərdə olmadığı vaxt avtomobilin dayanacaqda saxlanılması barədə şirkətlə razılaşdığını deyib. O, Hilmi Tuna Kuriş və Erhan Yılmazı tanımadığını, avtomobilin onun xəbəri və icazəsi olmadan istifadə edildiyini açıqlayıb. Şahin Mehmet Özmeni isə 10-15 ildir müxtəlif toplantılardan tanıdığını etiraf edib və hadisədən sonra onun barəsində şikayət etdiyini bildirib.
Ədliyyə naziri Akın Gürlek isə məhz bu izahatın istintaq materialları ilə uyğun gəlmədiyini deyib.
“Xüsusi işıq siqnallı avtomobillə qaçmağa çalışırlar. Avtomobilin bu məqsədlə istifadə edildiyi qiymətləndirilir. İdris Naim Şahin nazirimizin bunu etməməsi lazım idi. O, avtomobili kirayə yolu ilə verdiyini deyir. Ancaq iş materiallarındakı sübutlar bunu təsdiqləmir”, – Gürlek bildirib.
Nazirin sözlərinə görə, Şahinlə Mehmet Özmen arasında əvvəlki illərə gedib çıxan tanışlıq mövcuddur. Gürlek avtomobillə bağlı HTS – mobil rabitə trafik məlumatlarının da araşdırıldığını bildirib. Şahin avtomobildən yalnız İstanbula gələndə istifadə etdiyini desə də, istintaq məlumatlarının avtomobilin uzun müddət ərzində istifadə olunduğunu göstərdiyi qeyd edilir.
“HTS məlumatları ilə söylədikləri uyğun gəlmir. Dedikləri ilə iş materiallarında olanlar üst-üstə düşmür”, – ədliyyə naziri vurğulayıb.
İş bununla da yekunlaşmayıb. Şahinin istifadəsinə ayrıldığı bildirilən daha iki avtomobil də istintaq çərçivəsində araşdırılmağa başlanıb. Səlahiyyətlilər həmin avtomobillərin başqa şəxslər tərəfindən hansı məqsədlərlə istifadə edildiyini müəyyənləşdirməyə çalışırlar.
Musavat.com

