Müasir gənclər psixoloji ağrılara və emosional sarsıntılara daha həssas yanaşır. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi onların böyüdüyü sosial və mədəni mühitdir.
Editor.az xəbər verir ki, bu barədə psixoloq, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin Hüquqi Psixologiya və Hüquq kafedrasının baş müəllimi Artyom Deqtyaryov bildirib.
Psixoloqun sözlərinə görə, fiziki ağrı ilə psixoloji ağrını eyniləşdirmək düzgün deyil. O qeyd edib ki, insanın fiziki narahatlığa dözümlü olması onun emosional baxımdan daha güclü və ya yetkin olduğunu göstərmir.
Deqtyaryov vurğulayıb ki, psixoloji ağrı dedikdə itki, tənhalıq, utanc, narahatlıq, rədd edilmə hissi, qəzəb və digər ağır emosional vəziyyətlər nəzərdə tutulur. Məhz bu sahədə gənclərin əvvəlki nəsillərlə müqayisədə daha az dözümlü göründüyü müşahidə olunur.
Mütəxəssis hesab edir ki, bunun səbəbi “nəslin zəifliyi” deyil, müasir həyat tərzidir. Onun fikrincə, bugünkü cəmiyyət insanları problemlərin və narahatlıqların dərhal aradan qaldırılmasına, ani nəticələr əldə etməyə və istənilən diskomfortdan qaçmağa alışdırır. Belə şəraitdə insanlar daxili gərginliyi sağlam şəkildə idarə etməyi öyrənməkdə çətinlik çəkirlər və bəzən əyləncəyə, impulsiv davranışlara və ya hisslərini inkar etməyə üstünlük verirlər.
Psixoloq əlavə edib ki, əsl şəxsi güc ağrıya səssizcə dözməkdə deyil, onu qəbul etmək, anlamaq və dağıdıcı nəticələrə yol vermədən yaşaya bilməkdə özünü göstərir. Onun sözlərinə görə, insanın psixoloji ağrını tanıması, emal etməsi və daxili dayaq nöqtəsini qoruya bilməsi emosional yetkinliyin əsas göstəricilərindən biridir.
//Gülnarə Abasova, Editor.az

