Qocalıq həyatın təbii mərhələsidir. Lakin bir çox insan bu dövrü psixoloji baxımdan qəbul etməkdə çətinlik çəkir. Mütəxəssislər bildirirlər ki, qocalığa sağlam şəkildə hazırlaşmaq üçün ən çox rast gəlinən iki yanlış yanaşmadan uzaq durmaq vacibdir.
Editor.az xəbər verir ki, bu barədə psixoloq Yelena Buslayeva danışıb.
Onun sözlərinə görə, insanların bir qismi yaşlanma faktını inkar edərək özünü daim gənc göstərməyə çalışır, digərləri isə əksinə, özlərinə qayğı göstərməyi dayandırır və qocalığı passiv şəkildə qəbul edir. Psixoloq qeyd edib ki, hər iki yanaşma yanlış nəticələrə gətirib çıxara bilər. Birinci halda insan depressiya və narahatlıq riski ilə üzləşir, ikinci halda isə fiziki və psixoloji geriləmə daha sürətli baş verir.
Buslayeva vurğulayıb ki, insan diqqətini yalnız yaşla birlikdə itirdiyi imkanlara deyil, həyatında mövcud olan müsbət məqamlara və ona sevinc bəxş edən fəaliyyətlərə yönəltməlidir. Onun fikrincə, fiziki aktivliyin azalması və müəyyən məhdudiyyətlər həyatın maraqlı və dolğun keçməsinə mane olmamalıdır.
Mütəxəssis hesab edir ki, qocalığa hazırlıq təkcə maddi və məişət planlaması ilə məhdudlaşmamalıdır. Bu dövrdə yaxınlarla əlaqələrin qorunması, yeni maraq dairələrinin formalaşdırılması, ictimai fəaliyyətlərdə iştirak və müxtəlif hobbilərlə məşğul olmaq psixoloji sağlamlığın qorunmasına mühüm töhfə verir.
Psixoloq həmçinin beyin fəaliyyətinin aktiv saxlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yeni biliklər öyrənmək, kitab oxumaq, şahmat və digər intellektual oyunlarla məşğul olmaq, eləcə də xarici dil öyrənmək idrak ehtiyatını gücləndirir. Buslayeva qeyd edib ki, düzgün hazırlıq və sağlam həyat tərzi sayəsində qocalıq insan ömrünün rahat, məhsuldar və xoşbəxt dövrlərindən birinə çevrilə bilər.
//Gülnarə Abasova, Editor.az

