Nevroloq əl və ayaqlarda keyimənin səbəblərini və təhlükəli əlamətlərini açıqlayıbbackend

Nevroloq əl və ayaqlarda keyimənin səbəblərini və təhlükəli əlamətlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əl və ayaqlarda keyimə əksər hallarda narahat vəziyyətdə yatmaq və ya uzun müddət eyni vəziyyətdə oturmaqla əlaqələndirilir. Lakin bu əlamət bəzi hallarda sinir sistemi xəstəliklərinin göstəricisi də ola bilər.

Editor.az xəbər verir ki, bu barədə nevroloq və osteopat Anton Markitan məlumat verib.

Həkimin sözlərinə görə, keyimə hissiyyatın azalması ilə xarakterizə olunur və onun səbəbi sinir impulslarının ötürüldüyü müxtəlif nahiyələrdə — periferik sinirlərdən mərkəzi sinir sisteminə qədər olan hissələrdə yarana bilər.

Mütəxəssis bildirib ki, əksər hallarda sinirin müvəqqəti sıxılması nəticəsində yaranan keyimə bədənin vəziyyəti dəyişdirildikdən sonra qısa müddətdə aradan qalxır. Bununla belə, sinirin güclü və ya uzun müddət sıxılması daha uzunmüddətli bərpa prosesi tələb edə bilər.

Nevroloq xüsusilə qolun, ayağın, üzün yarısının və ya bədənin bir tərəfinin qəfil keyiməsinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Bu əlamətlər əzələ zəifliyi, başgicəllənmə və digər nevroloji simptomlarla müşayiət olunarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Belə hallar insultun əlaməti ola bilər.

Anton Markitan qeyd edib ki, sinir toxuması qan dövranının pozulmasına qarşı həssasdır və mərkəzi sinir sisteminin zədələnməsi zamanı hər dəqiqə əhəmiyyət daşıyır.

Həkimin sözlərinə görə, şəkərli diabet zamanı bir neçə periferik sinir eyni vaxtda zədələnə bilər. Bu halda hissiyyatın azalması adətən hər iki əldə və ayaqda simmetrik şəkildə müşahidə olunur.

Mütəxəssis təkrarlanan və ya uzun müddət davam edən keyiməni yorğunluqla əlaqələndirib diqqətdən kənarda qoymamağı tövsiyə edib. Əlamət bədənin vəziyyətini dəyişdikdən sonra keçmirsə və ya mütəmadi olaraq təkrarlanırsa, həkimə müraciət etmək vacibdir.

//Gülnarə Abasova, Editor.az