Əməkdaşların rəhbərin qərarları ilə daim razılaşması onların hər şeyi düzgün hesab etməsi ilə yanaşı, ehtiyatlı davranmalarından da qaynaqlana bilər. Əksinə, rəhbərin fikrinə etiraz edən işçilər qəbul edilən qərarlardakı mümkün zəif məqamları üzə çıxara bilərlər.
Editor.az xəbər verir ki, bu barədə biznes-psixoloq, “Pazl” Psixoloji Bacarıqlar Akademiyasının rəhbəri Yekaterina Boronkina bildirib.
Onun sözlərinə görə, rəhbərlə razılaşmayan əməkdaşı avtomatik olaraq problemli xarakterə malik və ya kollektivdə münaqişə yaradan şəxs kimi qiymətləndirmək düzgün deyil. Belə əməkdaşlar bir çox hallarda rəhbərliyin qərarlarının mümkün nəticələrini ilk görən və digər işçilərin səsləndirməyə çəkindiyi sualları gündəmə gətirən şəxslər olur.
Psixoloq qeyd edib ki, işçinin irad və narahatlıqlarını bildirməsi rəhbərliyə qarşı çıxmaq məqsədi daşımaya bilər. Əksinə, bu yanaşma şirkətin fəaliyyətindəki problemlərin və risklərin vaxtında müəyyənləşdirilməsinə, nəticədə isə iş prosesinin yaxşılaşdırılmasına xidmət edə bilər.
Boronkina vurğulayıb ki, bunun üçün işçi öz mövqeyini konstruktiv şəkildə ifad etməli, rəhbər isə iradı şəxsi nüfuzuna qarşı təhdid kimi deyil, əlavə məlumat kimi qəbul etməlidir. Çünki hətta ən təcrübəli rəhbər belə şirkətdə gedən bütün prosesləri eyni anda tam görə bilməz.
Onun sözlərinə görə, əməkdaşlar müştərilərlə, məhsulla, gündəlik əməliyyatlarla, real iş yükü və mövcud məhdudiyyətlərlə daha yaxından təmasda olduqları üçün onların şübhə və narahatlıqları rəhbərliyin görmədiyi mühüm məqamları üzə çıxara bilər.
Mütəxəssis konstruktiv fikir ayrılığı ilə dağıdıcı müqavimət arasında fərq qoymağın vacibliyini də qeyd edib. Konstruktiv etiraz konkret tapşırıq və nəticəyə yönəlir, faktlara, mümkün risklərə və real nümunələrə əsaslanır. Belə yanaşmada alternativ həll yolları da nəzərdən keçirilir və müzakirədən sonra qəbul edilən qərarın icrasına hazır olmaq əsas şərtlərdən biridir.
Dağıdıcı davranış isə məsələnin özündən çox şəxsin hədəfə alınması ilə xarakterizə olunur. Ümumiləşdirilmiş tənqid, işçinin arxasınca danışmaq, sabotaj və dəyişikliklərdə iştirakdan imtina bu cür davranışlara aid edilə bilər.
Psixoloq açıq ünsiyyətin əməkdaşların psixoloji vəziyyətinə də təsir etdiyini bildirib. İşçi öz narahatlığını və təkliflərini sərbəst şəkildə ifadə edə bilmədikdə, iş prosesinə təsir imkanlarının azaldığını hiss edə bilər. Bu isə zamanla yorğunluğa, işə qarşı laqeyd və mənfi münasibətə, hətta şirkətdən ayrılmaq istəyinə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, rəhbərlə dost münasibətlərinin olması da özlüyündə problem deyil. Lakin şəxsi münasibətlər işgüzar əlaqələri kölgədə qoymamalıdır. Rəhbərlə dostluq əməkdaşa xüsusi imtiyazlar qazandırmağa başlayırsa, bu artıq peşəkar sərhədlərin pozulması kimi qiymətləndirilə bilər.
//Gülnarə Abasova, Editor.az

