Azərbaycanda hərbi xidmətə çağırış sahəsində aşkarlanan qanun pozuntuları və korrupsiya faktları ilə bağlı araşdırmalar davam etdirilir. Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti qurumlarla birgə bu sahədə şəffaflığın təmin edilməsi, qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər görülür.
Editor.az-ın məlumatına görə, 2026-cı ilin yanvar ayından indiyədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunan rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs, eləcə də qanunazidd əməllərdə iştirakı ehtimal edilən 121 nəfər barəsində araşdırmalar aparılıb.
Hesabat dövründə hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin pozulması faktları üzrə dörd əməliyyat-axtarış tədbiri keçirilib. Toplanmış materiallar əsasında cinayət işləri başlanaraq istintaqın davam etdirilməsi üçün müvafiq idarəyə göndərilib.
Ümumilikdə, cari ilin əvvəlindən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslərlə bağlı səkkiz cinayət işi üzrə ibtidai istintaq aparılıb. Onlardan beşi üzrə istintaq yekunlaşdırılıb və səkkiz nəfər barəsində işlər məhkəməyə göndərilib. Həmin şəxslərin yeddisi vəzifəli şəxs, biri isə vətəndaşdır.
Məhkəməyə göndərilən işlər çərçivəsində altı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onların vəzifədən kənarlaşdırılması ilə bağlı əlavə tədbirlər də tətbiq olunub. Digər iki şəxs isə polisin nəzarəti altına verilib.
Hazırda daha üç cinayət işi üzrə ibtidai istintaq davam edir. Bu işlərdən biri üzrə iki nəfər barəsində həbs və vəzifədən kənarlaşdırma tədbirləri görülüb.
Çağırışçıların tibbi müayinələri də araşdırılır
İstintaq çərçivəsində üç cinayət işi üzrə doqquz çağırışçı ilə bağlı komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın ilkin nəticələrinə əsasən, bir nəfər hərbi xidmətə yararlı sayılıb, iki nəfərə isə xidmətdən möhlət hüququ verilib. Digər altı çağırışçı ilə bağlı ekspertiza prosesi davam edir.
Araşdırmalar zamanı tibbi müayinələrin lazımi səviyyədə aparılmaması və yanlış diaqnozların qoyulması nəticəsində sağlamlıq problemləri olan bəzi şəxslərin hərbi xidmətə göndərildiyi, sonradan isə vaxtından əvvəl tərxis olunduğu hallar müəyyən edilib. Bununla yanaşı, SHXÇDX-nin yerli struktur bölmələrində aparılan daxili yoxlamalar zamanı da qanun pozuntuları aşkarlanıb.
32 təqdimat göndərilib, əməkdaşlara intizam tədbirləri görülüb
Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına ümumilikdə 32 təqdimat ünvanlanıb. Bunlardan 18-i SHXÇDX-yə, 6-sı Səhiyyə Nazirliyinə, 4-ü TƏBİB-ə, 3-ü Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, biri isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib.
Təqdimatların 14-ü SHXÇDX-nin 35 yerli struktur bölməsində sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsinə aid olub.
Görülən tədbirlər nəticəsində Dövlət Xidmətinin iki əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bundan başqa, dörd həkimə, 10 vəzifəli şəxsə və bir fiziki şəxsə xəbərdarlıq olunub, müvafiq kollektivlərdə müzakirələr keçirilib.
Hazırda beş təqdimat üzrə araşdırmalar davam etdirilir.
Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində korrupsiya hallarının və digər qanun pozuntularının qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə tədbirlərin davam etdiriləcəyini, nəticələr barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

