Tramp-Zelenski görüşündən sonra yeni mərhələ: Sülhə doğru addım, yoxsa qarşıdurmaya hazırlıq?backend

Tramp-Zelenski görüşündən sonra yeni mərhələ: Sülhə doğru addım, yoxsa qarşıdurmaya hazırlıq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vaşinqtonda keçirilən son görüş Rusiya-Ukrayna müharibəsinin gedişində yeni siyasi mərhələnin konturlarını ortaya qoyub. Tərəflərin müzakirə gündəliyində Ukraynanın hava hücumundan müdafiə imkanlarının genişləndirilməsi, “Patriot” raket sistemlərinin istehsalı və müdafiə sənayesi sahəsində əməkdaşlıqla yanaşı, sülh danışıqlarının yenidən canlandırılması məsələsi də xüsusi yer tutub. Bu mənzərə Vaşinqtonun Kiyevə münasibətində müəyyən yumşalma və daha praqmatik əməkdaşlıq xəttinin gücləndiyini göstərir. Eyni zamanda, ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətini artırmağa yönələn addımları ilə diplomatik kanalları açıq saxlamaq cəhdi Tramp administrasiyasının müharibəyə yanaşmasında balanslı strategiyanın formalaşdığını göstərir. Görüşün nəticələri həm Kiyevin uzunmüddətli müdafiə imkanlarının gücləndirilməsi, həm də Moskva ilə mümkün danışıqların perspektivi baxımından regionda yeni siyasi dinamikanın yaranmasına zəmin yaradır.

Politoloq Zuriyə Qarayeva Editor.az- a açıqlamasında bildirib ki, Tramp-Zelenski görüşü Vaşinqtonun Ukraynaya münasibətində müəyyən yumşalma və praqmatik əməkdaşlıq mərhələsinin gücləndiyini göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər:

“Xüsusilə Ukraynada “Patriot” raketlərinin istehsalı üçün lisenziyalaşdırma imkanlarının müzakirəsi, hava hücumundan müdafiə sistemlərinin genişləndirilməsi və müdafiə sənayesi sahəsində birgə istehsal perspektivləri ABŞ-ın Kiyevin uzunmüddətli müdafiə qabiliyyətini artırmağa hesablanmış yanaşmasını nümayiş etdirir. Bununla yanaşı, bu addımların ABŞ-ın əvvəlki illərdə olduğu kimi limitsiz hərbi dəstəyə qayıtdığı anlamına gəldiyini söyləmək hələ tezdir. Vaşinqton həm Ukraynaya dəstəyi davam etdirməyə, həm də münaqişənin nəzarətdən çıxmasının qarşısını almağa çalışan balanslı xətt yürütməyə çalışır. 

Moskvanın bu prosesə sərt siyasi və hərbi reaksiyalar verməsi gözlənilən ssenarilərdən biridir. Kreml Ukraynanın müdafiə imkanlarının güclənməsini danışıqlarda öz mövqeyini zəiflədən amil kimi qiymətləndirə və buna cavab olaraq həm cəbhədə, həm də diplomatik müstəvidə təzyiqləri artıra bilər. Digər tərəfdən, Tramp administrasiyasının sülh danışıqlarının yenidən aktivləşdirilməsi barədə verdiyi mesajlar göstərir ki, Vaşinqton hərbi dəstəklə yanaşı, diplomatik kanalları da açıq saxlamaq niyyətindədir. Buna görə də bu görüş qısa müddətdə müharibəni dayandıracaq dönüş nöqtəsi olmasa da, həm danışıqlar prosesinin yenidən canlandırılması, həm də tərəflərin yeni strateji mövqelərinin formalaşması baxımından əhəmiyyətli siyasi mərhələ hesab edilə bilər”.

//Gülnarə Abasova, Editor.az