Azərbaycanı Türkiyə ilə “qorxutmağa” çalışdı – Kremlçi politoloqdan “ağıllı” açıqlamabackend

Azərbaycanı Türkiyə ilə “qorxutmağa” çalışdı – Kremlçi politoloqdan “ağıllı” açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlçi politoloq Oleq Makarenkonun Azərbaycan-Türkiyə münasibətləri barədə növbəti absurd tezisi tirajlanıb.

Makarenko Türkiyənin Ermənistan üzərindən Azərbaycana birbaşa quru çıxışı əldə etməsinin guya Bakı üçün təhlükə yaradacağını iddia edib.

Makarenko bununla da kifayətlənməyərək Ermənistanın Azərbaycanla Türkiyə arasında qalmasını Bakı üçün az qala “təhlükəsizlik təminatı” kimi təqdim etməyə çalışıb.

Politoloqun qurduğu məntiq belədir: Ermənistanın ərazisi Azərbaycanla Türkiyəni coğrafi baxımdan ayırdığı üçün Bakı Ankaranın “sərt qucağından” müəyyən məsafədə qala bilir. Türkiyə Ermənistan üzərindən Azərbaycana birbaşa quru bağlantısı əldə edərsə, guya bu maneə aradan qalxacaq və Ankaranın Azərbaycanda təsiri daha da çox olacaq.

Başqa sözlə, kremlçi politoloq belə bir mənzərə yaratmağa çalışır: guya Azərbaycanı qardaş Türkiyədən Ermənistan “qoruyur”.

Bu iddianın nə qədər mənasız olduğunu göstərmək üçün isə uzağa getməyə ehtiyac yoxdur.

Azərbaycan-Türkiyə münasibətlərinin siyasi fəlsəfəsi Ulu öndər Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamında çoxdan müəyyənləşdirilib.

Prezident İlham Əliyevin illər ərzində verdiyi mesajlar da məsələyə nöqtə qoyur. Azərbaycanın həm rəsmi, həm də qeyri rəsmi siyasi xəttində “Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir” prinsipi əsas götürülüb

İlham Əliyev 2023-cü ildə İstanbulda keçirilən “TEKNOFEST”də bu münasibətlərə daha bir ifadə ilə möhür vurmuşdu:

“Bir millət, iki dövlət, bir yumruq!”

Azərbaycan Prezidenti ardınca daha açıq mesaj vermişdi:

“Türkiyə-Azərbaycan birliyi əbədidir!”

Makarenkonun Türk dünyasının coğrafi baxımdan birləşməsini Azərbaycan üçün təhlükə kimi təqdim edən fikirlərinə İlham Əliyevin Türk dünyası barədə çıxışları da birbaşa cavab verir.

Prezident 2024-cü ildə andiçmə mərasimində demişdi:

“Bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Bu sözlər məsələyə möhürü vurur.

Azərbaycan rəhbərliyi Türk dünyasının güclənməsini, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin daha da dərinləşməsini və türk dövlətləri arasında inteqrasiyanı strateji istiqamət kimi müəyyənləşdirib.

Belə olan halda Azərbaycanla Türkiyə arasında Ermənistanın guya “qoruyucu sədd” rolunu oynadığı barədə ortaya atılan tezis Bakı-Ankara münasibətlərinin mahiyyətini tamamilə tərsinə çevirmək cəhdindən başqa bir şey deyil.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” xətti Prezident İlham Əliyevin dövründə “Bir yumruq” səviyyəsinə yüksəlib.

İlham Əliyevin Türk dünyası haqqında dediyi “Bizim ailəmiz Türk dünyasıdır” sözləri isə Azərbaycanla Türkiyə arasına Ermənistanı “bufer” kimi yerləşdirməyə çalışan bu cür tezislərə Bakının ən aydın cavabıdır.

Bir millət, iki dövlət. Bir yumruq. Bizim ailəmiz Türk dünyasıdır.

Musavat.com