“Azərbaycan Zəngəzur dəhlizi barədə hələ də çox açıq və aydın şəkildə danışır, biz isə öz növbəmizdə qəti şəkildə bildiririk: Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirə biləcək hər hansı geosiyasi dəyişiklik və ya fəaliyyət yolverilməzdir”.
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri sentyabrın 23-də “Dəyişən strateji mühitdə Ermənistan-İran münasibətlərinin transformasiyası” mövzusunda keçirilən konfransda İranın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami deyib.
Diplomat bunu TRIPP layihəsinin icrası üçün ilkin şərt kimi qiymətləndirərək əlavə edib ki, layihə həyata keçirilərkən Ermənistanın milli suverenliyinə və ərazi bütövlüyünə heç bir zərər toxunmamalıdır.
Səfirin sözlərinə görə, ikinci vacib məqam ABŞ-nin regionda hərbi mövcudluğunun İran üçün qəbuledilməz olmasıdır.
“Məhz bu iki şərtə – Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə zərər gəlməməsi, eləcə də sərhədlər yaxınlığında ABŞ tərəfindən təhlükəsizlik tədbirlərinin görülməməsi və hərbi iştirakın olmaması şərtlərinə əsaslanaraq, əgər bu layihə erməni xalqının rifahına və inkişafına xidmət edəcəksə, bizim ona etiraz etmək üçün heç bir əsasımız yoxdur”, – deyə o qeyd edib.
Səfir bildirib ki, maraqlı tərəflər Cənubi Qafqazda əsl və davamlı sülhə nail olmaq istəyirlərsə, Azərbaycanla Ermənistan arasında real qüvvələr balansı təmin edilməlidir. O vurğulayıb ki, tərəflərin niyyətləri müsbət olsa belə, belə bir balans olmadan vəziyyət həssas qalacaq.
“Regiondakı mövcud vəziyyət, yəni status-kvo buradakı sülhün əsasını təşkil etməlidir. Heç bir geosiyasi dəyişikliyə yol verilə bilməz, bu, İranın fundamental mövqeyidir. Bölgənin geosiyasəti və əraziləri ilə bağlı status-kvo qorunub saxlanılmalıdır”, – deyə diplomat vurğulayıb.
Səfir regionda inkişafın, sabitliyin və sülhün təmin olunması üçün daxili regional əməkdaşlıq formatlarını və mexanizmlərini daha səmərəli və dayanıqlı hesab etdiyini bildirib. Onun fikrincə, Cənubi Qafqazı dağıdıcı rəqabət meydanına çevirmək cəhdləri heç kimə fayda verməyəcək.
O, mövcud potensialın və bütün imkanların reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Şirqolaminin sözlərinə görə, əgər TRIPP layihəsi (Tramp Marşrutu) müəyyən edilmiş ilkin şərtlərə cavab verərsə, bu, bölgədə sülhə və inkişafa müsbət təsir göstərəcək.

