Bu gün, avqustun 5-də Banqladeşdə keçirilən etirazlar zamanı 56 nəfər həlak olub.
Editor.az bu barədə AFP-ə istinadən xəbər verir. Daha 44 nəfər etirazların yatırılması zamanı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Agentlik onların güllə yaraları aldığını yazır.
Xatırladaq ki, iyul ayında Banqladeşin paytaxtı Dəkkədən hökumət əleyhinə kütləvi aksiyalar başlayıb. İlk nümayişçilər tələbələr olub, bundan sonra etirazlar bütün ölkəyə yayılıb. Banqladeşin “Prothom Alo” qəzetinin məlumatına görə, dünən, avqustun 4-də keçirilən etirazlar zamanı 13-ü polis olmaqla, 98 nəfər həlak olub.
AFP-nin hesablamalarına görə, iyul ayından bəri bütün ölkə boyu etirazlar zamanı ümumilikdə 300-ə yaxın insan ölüb. Bu gün baş nazir Şeyx Hasina istefa verib və Banqladeşi tərk edib. Ölkənin idarəçilyi müvəqqəti olaraq orduya verilib. KİV-in məlumatına görə, xanım Hasina Böyük Britaniyadan sığınacaq istəyib və Hindistandan keçərək Londona gedib. Baş nazirin istefasına baxmayaraq, Dəkkə və digər şəhərlərin küçələrində nümayişçilərin izdihamı qalmaqdadır. “Dhaka Tribune”nin məlumatına görə, onlar paytaxtın memorial muzeyini və hakim partiyanın ofislərini yandırıblar.
//Samir Qurbanov, Editor.az