Ukrayna enerji infrastrukturuna qarşı hücumların dayandırılmasını nəzərdə tutan mümkün “enerji atəşkəsi” ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb. Rəsmi Kiyev bu istiqamətdə növbəti addımın Rusiyadan konkret təkliflərin təqdim olunması olduğunu bildirir.
Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy brifinq zamanı bildirib ki, Ukrayna enerji sahəsində atəşkəsə hazırdır və Rusiya tərəfinin təkliflərini gözləyir.
Diplomatın sözlərinə görə, Kiyev enerji obyektlərinin hərbi hücumların hədəfinə çevrilməsinin qarşısının alınması məsələsinin müzakirəsinə açıqdır. Bununla yanaşı, Ukrayna tərəfi Rusiyanın belə bir təşəbbüsə münasibətini və konkret şərtlərini açıqlamasını gözləyir.
Enerji infrastrukturu Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda əsas hədəflərdən biri olaraq qalır. Enerji obyektlərinə zərbələr xüsusilə payız-qış mövsümündə Ukraynanın elektrik enerjisi təminatı və istilik sistemləri üçün əlavə risklər yaradır.
Kiyev dəfələrlə enerji infrastrukturunun qorunmasının mülki əhalinin təhlükəsizliyi və ölkənin enerji sisteminin dayanıqlılığı baxımından mühüm olduğunu vurğulayıb.
Hazırda əsas məsələ Rusiyanın Ukraynanın təklif etdiyi mümkün enerji atəşkəsi ilə bağlı konkret mövqe ortaya qoyub-qoymayacağıdır.
//Samir Qurbanov, Editor.az

