Yeni dərs ilinin başlanması həm uşaqlar, həm də valideynlər üçün yeni mərhələnin başlanğıcıdır. Xüsusilə uzun yay tətilindən sonra uşaqların məktəb rejiminə yenidən uyğunlaşması müəyyən çətinliklərlə müşayiət oluna bilər. Bəzi uşaqlarda dərs yükü, müəllim və sinif yoldaşları ilə münasibətlər, qiymətləndirmə və valideyn gözləntiləri ilə bağlı narahatlıq yarana bilər. Bu baxımdan məktəbə hazırlıq yalnız çanta, geyim və dərs ləvazimatlarının alınması ilə məhdudlaşmamalı, uşağın psixoloji vəziyyətinə də xüsusi diqqət yetirilməlidir. Valideynlərin uşağa yanaşması, ondan gözləntiləri və məktəblə bağlı istifadə etdiyi ifadələr onun təhsilə münasibətinin formalaşmasında mühüm rol oynayır.
Maraqlıdır, xüsusilə ilk dəfə məktəbə gedən uşaqların yeni mühitə daha rahat uyğunlaşması üçün valideynlər hansı davranışlardan çəkinməli və hansı addımları atmalıdırlar?
Psixoloq Dilbər Bəhmənli Editor.az-a açıqlamasında bildirib ki, yeni dərs ilinin başlanması həm uşaqlar, həm də valideynlər üçün yeni mərhələnin başlanğıcıdır:
“Xüsusilə uzun yay tətilindən sonra uşaqların məktəb rejiminə yenidən uyğunlaşması müəyyən çətinliklərlə müşayiət oluna bilər. Bəzi uşaqlarda dərs yükü, müəllim və sinif yoldaşları ilə münasibətlər, qiymətləndirmə və valideyn gözləntiləri ilə bağlı narahatlıq yarana bilər. Bu baxımdan məktəbə hazırlıq yalnız çanta, geyim və dərs ləvazimatlarının alınması ilə məhdudlaşmamalı, uşağın psixoloji vəziyyətinə də xüsusi diqqət yetirilməlidir.
Xüsusilə ilk dəfə məktəbə gedən uşaqların yeni mühitə daha rahat uyğunlaşması üçün valideynlər hansı davranışlardan çəkinməli və hansı addımları atmalıdırlar?
İlk növbədə qeyd etmək lazımdır ki, məktəbə başlamaq uşaq üçün mühüm psixoloji keçid mərhələsidir. Xüsusilə birinci sinfə gedən uşaq üçün məktəb tamamilə yeni sosial mühit, yeni qaydalar, yeni münasibətlər və yeni məsuliyyətlər deməkdir. Buna görə də uşağın müəyyən narahatlıq yaşaması normaldır və bunu dərhal problem kimi qiymətləndirmək düzgün olmaz.
Uzun yay tətilindən sonra isə uşağın gündəlik ritmi dəyişmiş olur. Məsələn, uşaq yay ərzində gec yatır, səhər gec oyanır, gününü daha sərbəst keçirir. Məktəblə birlikdə isə erkən oyanmaq, müəyyən saatlarda dərsdə olmaq, diqqəti uzun müddət toplamaq və tapşırıqları yerinə yetirmək tələb olunur. Bu keçid uşağın həm fiziki, həm də emosional olaraq yorulmasına səbəb ola bilər.
Ona görə də valideynlər məktəb başlamazdan bir neçə gün əvvəl deyil, əvvəlcədən uşağın rejimini tədricən dəyişməyə başlamalıdırlar. Yuxu və oyanma saatlarını mərhələli şəkildə məktəb rejiminə yaxınlaşdırmaq, səhər hazırlığını əvvəlcədən məşq etmək uşağın uyğunlaşmasını asanlaşdırır”.
Onun sözlərinə görə, birinci sinfə gedən uşaqlarda əvvəlcədən “məktəb ssenarisi” yaratmaq faydalıdır:
“Məsələn, valideyn uşaqla birlikdə məktəbə gedəcəyi yolu əvvəlcədən gedə, məktəbin binasını göstərə və orada nələrin baş verəcəyini sadə şəkildə izah edə bilər. Evdə “məktəb oyunu” oynamaq da yaxşı üsuldur. Uşaq müəllim, valideyn isə şagird rolunda ola bilər və sonra rolları dəyişmək olar.
Bu zaman uşaq “Müəllim sual versə, nə edəcəyəm?”, “Sinifdə nəyisə başa düşməsəm, nə deyəcəyəm?” kimi situasiyaları əvvəlcədən məşq edir. Valideynlər məktəbi uşağı qorxutmaq üçün vasitəyə çevirməkdən də çəkinməlidirlər. “Məktəbdə belə etsən, müəllim səni danlayacaq”, “İndi oyun bitdi, məktəb başlayır”, “Qiymətlərin pis olsa, görərsən” kimi ifadələr uşağın şüurunda məktəbi təhlükə və cəza məkanı kimi formalaşdıra bilər.
Bunun əvəzinə “Məktəbdə yeni şeylər öyrənəcəksən, bəzi şeylər asan, bəziləri çətin ola bilər. Çətinlik yaşasan, biz birlikdə həll edəcəyik” demək daha sağlam yanaşmadır.
Psixoloq kimi valideynlərə hansı tövsiyələri verərdiniz? Uşaqları yeni dərs ilinə psixoloji cəhətdən necə hazırlamaq, məktəb stressini və ilk günlərdə yarana biləcək narahatlığı azaltmaq üçün nələrə diqqət etmək lazımdır?
Valideyn üçün əsas məqsəd uşağın bütün narahatlığını aradan qaldırmaq deyil, uşağa həmin narahatlığın öhdəsindən gəlməyi öyrətmək olmalıdır. Çünki həyatın müxtəlif mərhələlərində narahatlıq qaçılmazdır və uşağın emosional dayanıqlılığı məhz bu hissləri tanımaq və tənzimləməyi öyrənməsi ilə formalaşır.
Məsələn, uşaq “Mən məktəbə getməkdən qorxuram” deyirsə, valideyn “Qorxma, heç nə olmayacaq” deməklə onun hissini inkar etməməlidir. Daha doğru yanaşma “Görürəm ki, məktəblə bağlı narahatsan. Səni ən çox nə qorxudur?” deyə soruşmaqdır.
Burada “emosiyanın adlandırılması” texnikasından istifadə etmək olar. Uşaq hissinin adını qoyduqda onu daha yaxşı anlamağa başlayır. Məsələn, “Mən müəllimin sualından qorxuram”, “Yeni uşaqlarla danışmaqdan utanıram” və ya “Anamdan ayrılmaq istəmirəm” deməsi problemin konkretləşməsinə kömək edir.
Sonra valideyn həmin situasiyanı uşaqla evdə məşq edə bilər. Məsələn, uşaq müəllimin sualına cavab verə bilməməkdən qorxursa, valideyn deyə bilər: “Tutaq ki, müəllim sənə sual verdi və cavabı bilmədin. Nə edə bilərsən?” Uşağa “Müəllim, zəhmət olmasa, sualı bir daha izah edə bilərsiniz?” və ya “Bu suala cavab vermək üçün bir az düşünə bilərəm?” kimi ifadələr öyrətmək mümkündür.
Bu, uşağa sadəcə “Qorxma” deməkdən daha effektivdir. Çünki uşaq konkret vəziyyətdə nə edə biləcəyini öyrənir və bu da onun özünəinamını artırır”.
Dilbər Bəhmənli vurğulayıb ki, məktəb stressini azaltmaq üçün evdə sadə nəfəs texnikalarından da istifadə etmək olar:
“Məsələn, uşağa bunu oyun formasında öyrətmək mümkündür. “Şamı söndürürük” texnikasında uşaq burnundan yavaş nəfəs alır, sonra qarşısında şam olduğunu təsəvvür edərək nəfəsi ağızdan yavaş şəkildə verir. Bunu bir neçə dəfə təkrarlamaq uşağın diqqətini bədəninə yönəltməyə və gərginliyin azalmasına kömək edə bilər.
Digər sadə üsul “narahatlıq termometri”dir. Uşaqdan narahatlığını 0-dan 10-a qədər qiymətləndirməsini istəmək olar. Məsələn, “Hazırda məktəblə bağlı narahatlığın neçədir?” Uşaq “8” deyirsə, növbəti sual “Bəs bunu 8-dən 6-ya necə endirə bilərik?” ola bilər. Beləliklə, uşaq öz emosiyasını müşahidə etməyi və onu tənzimləmək üçün strategiya seçməyi öyrənir.
İlk günlərdə valideynin uşağın məktəbdən sonra istirahətinə də diqqət etməsi vacibdir. Məktəbdən gələn kimi uşağı dərsə məcbur etmək əvəzinə onun yemək yeməsi, dincəlməsi, oyun oynaması və gün ərzində yaşadıqlarını danışması üçün vaxt yaratmaq lazımdır. Xüsusilə ilk həftələrdə uşağın gündəlik həyatını həddindən artıq kurs və əlavə məşğələlərlə yükləmək uyğunlaşma prosesini çətinləşdirə bilər.
Valideyn uşağı məktəbdən götürəndə ilk sualının “Neçə aldın?” olması da vacib məsələdir. Bunun əvəzinə “Bu gün özünü necə hiss etdin?”, “Səni ən çox nə sevindirdi?” və ya “Bu gün çətin olan bir şey oldumu?” kimi suallar uşağın məktəb təcrübəsini yalnız qiymətlərlə deyil, emosional yaşantıları ilə də bölüşməsinə imkan verir.
Həmçinin, valideynlərin uşağa yüksək qiymət və nəticə təzyiqi göstərməsi onun psixoloji durumuna və təhsilə münasibətinə necə təsir edə bilər?
Burada motivasiya ilə təzyiq arasındakı fərqi nəzərə almaq çox vacibdir. Əlbəttə, valideyn uşağından məsuliyyətli olmasını və çalışmasını gözləyə bilər. Problem uşağın dəyərinin onun akademik nəticəsi ilə əlaqələndirilməsində başlayır.
Məsələn, uşaq 100 baldan 85 bal alır və valideynin ilk reaksiyası “Niyə 100 almadın?” olur. Növbəti dəfə uşaq 95 alanda da “Bəs niyə 100 deyil?” sualı ilə qarşılaşırsa, onda belə bir düşüncə yarana bilər: “Nə qədər yaxşı nəticə göstərsəm də, kifayət deyiləm.”
Bu yanaşma uşağın səhv etmək qorxusunu, performans narahatlığını və özünə qarşı yüksək tənqidi artıra bilər. Bəzi uşaqlarda isə bunun əksinə, motivasiya azalır və “Onsuz da bacarmayacağam” düşüncəsi formalaşır.
Ona görə də valideyn nəticədən əlavə uşağın göstərdiyi səyi və inkişafı da görməlidir. Məsələn, “Bu dəfə əvvəlkindən daha çox çalışmısan”, “Bu mövzunu əvvəl başa düşmürdün, indi artıq həll edə bilirsən” demək uşağın inkişafını görməsinə kömək edir”.
Psixoloqun sözlərinə görə, uşaqları digər uşaqlarla müqayisə etmək də düzgün yanaşma deyil:
““Bax, filankəsin uşağı səndən yaxşı oxuyur” ifadəsi uşağın motivasiyasını artırmaq əvəzinə onda yetərsizlik və rəqabət hissini gücləndirə bilər. Daha sağlam müqayisə uşağın öz əvvəlki nəticəsi ilə müqayisəsidir. “Keçən dəfə bunu etməkdə çətinlik çəkirdin, indi isə daha yaxşı bacarırsan” demək uşağın şəxsi inkişafını ön plana çıxarır.
Valideyn uşağa açıq şəkildə göstərməlidir ki, qiymət onun şəxsiyyətini müəyyən etmir. “Sənin nəticən mənim üçün əhəmiyyətlidir, amma sən yalnız qiymətindən ibarət deyilsən” mesajı uşağın emosional təhlükəsizlik hissini qoruyur.
Beləliklə, uşağı məktəbə hazırlamaq yalnız forma, çanta və dərs ləvazimatları almaqdan ibarət deyil. Ən az onlar qədər vacib olan məsələ uşağın məktəbdə özünü təhlükəsiz hiss etməsi, səhv etməkdən qorxmaması, kömək istəyə bilməsi və çətinliklə qarşılaşdıqda bunun öhdəsindən gələcəyinə inanmasıdır.
Valideynin uşağa verə biləcəyi ən sağlam mesajlardan biri budur: “Səndən çalışmağını və məsuliyyətli olmağını gözləyirəm, amma səhv etməyin də normaldır. Çətinlik yaşasan, mən sənin yanındayam və bunu birlikdə həll edə bilərik.”
Çünki məktəb həyatında əsas məqsəd yalnız yüksək qiymət almaq deyil. Uşağın öyrənməyə marağını qorumaq, özünə inanmasını təmin etmək və uğursuzluqla qarşılaşdıqda yenidən cəhd etmək bacarığını formalaşdırmaq da ən az akademik nəticə qədər vacibdir”.
//Gülnarə Abasova, Editor.az

