İspaniyanın Barselona şəhəri Avropada kütləvi turizmin ən çox təsir etdiyi məkanlardan birinə çevrilib.
Artan turist axını şəhərin infrastrukturu, mənzil bazarı və yerli sakinlərin gündəlik həyatına ciddi təzyiq yaradır.
Turizmin yaratdığı problemlər fonunda Barselona hakimiyyəti şəhərdə turistlərin sayını və mənfi təsirləri azaltmağa yönəlmiş bir sıra tədbirlər həyata keçirir.
Bu çərçivədə turist vergilərinin artırılması, qısamüddətli kirayə mənzillərin məhdudlaşdırılması və bəzi turistik məkanlarda ziyarətçi sayının azaldılması nəzərdə tutulur.
Yerli sakinlərlə gərginlik yaşamamaq və şəhərdə daha məsuliyyətli turist kimi davranmaq üçün mütəxəssislər bir sıra qaydalara əməl etməyi tövsiyə edirlər:
Yerli sakinlərin yaşayış məkanlarına hörmət etmək – səs-küydən və gecə saatlarında narahatlıq yaratmaqdan çəkinmək.
Turistik mərkəzlərdən kənara çıxmaq – daha az tanınan əraziləri ziyarət etməklə turist axınının şəhər üzrə daha bərabər paylanmasına töhfə vermək.
Yerli bizneslərə üstünlük vermək – böyük beynəlxalq şəbəkələr əvəzinə yerli restoran, mağaza və xidmətlərdən istifadə etmək.
Qaydaları pozmamaq – küçələrdə spirtli içki qəbul etmək, ictimai yerlərdə səs-küy salmaq və digər antisosial davranışlardan uzaq durmaq.
Qısa müddətli kirayə mənzillərə diqqət etmək – qanuni və rəsmi yaşayış yerlərini seçmək.
İctimai nəqliyyatda və küçələrdə yerli sakinləri nəzərə almaq – xüsusilə sıx saatlarda şəhər sakinlərinin gündəlik həyatına mane olmamaq.
Şəhərin mədəniyyətinə və adətlərinə hörmət etmək – Barselonanı yalnız turistik məkan kimi deyil, milyonlarla insanın yaşadığı şəhər kimi qəbul etmək.
Barselonada turistlərə qarşı narazılığın əsas səbəblərindən biri turizmin mənzil qiymətlərinə və şəhər həyatına təsiri hesab olunur. Buna görə də şəhərin qarşısında duran əsas vəzifə turizmdən əldə olunan iqtisadi gəlirlərlə yerli sakinlərin rahatlığı arasında balans yaratmaqdır.
//Samir Qurbanov, Editor.az

