ABŞ-da keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısında Avropa ölkələrinin nümayəndələri Rusiyaya qarşı etiraz nümayiş etdiriblər.
Məlumata görə, bir sıra avropalı maliyyə nazirləri Rusiya maliyyə naziri Anton Siluanovla birgə ənənəvi qrup fotosunda iştirak etməkdən imtina ediblər.
Siluanov toplantıda Rusiyanın nümayəndə heyətinə rəhbərlik edir. Bu, Ukraynada müharibənin başlamasından sonra onun G20-nin maliyyə nazirləri səviyyəsində keçirilən görüşdə ilk dəfə şəxsən iştirak etməsi kimi qiymətləndirilir.
Almaniyanın maliyyə naziri Lars Klingbeyl Rusiyanın toplantıda iştirakını tənqid edərək Moskvanın adi tərəfdaş kimi qəbul edilməsinin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə “normala qayıdış”dan söhbət gedə bilməz.
Beləliklə, G20 çərçivəsində keçirilən maliyyə görüşündə Rusiyanın iştirakı Qərb ölkələri ilə Moskva arasında siyasi fikir ayrılıqlarının hələ də davam etdiyini bir daha nümayiş etdirib.
//Samir Qurbanov, Editor.az

