Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyəti illərində edamlar, işgəncələr və pis rəftar nəticəsində Dəməşqin kənarındakı “Mezzeh” hərbi aerodromunda həbsdə olan mindən çox Suriya vətəndaşı həlak olub.
Editor.az bildirir ki, bu barədə ABŞ-da mənzillənən Suriya Ədalət və Hesabatlılıq Mərkəzinin (SJAC) insan haqları təşkilatının “Reuters” agentliyinin əldə etdiyi hesabatında deyilir. SJAC keçmiş prezident Bəşər Əsədin hakimiyyətdə olduğu illərdə məhkəməsiz qətllər nəticəsində öldürülən insanların yeddi şübhəli dəfn olunduğu yeri müəyyən edib, – “Reuters” xəbər verir. Məlumata görə, “Mezzeh” hərbi aerodromundan Bəşər Əsəd hökuməti məhbusları saxlamaq üçün istifadə edib. Hesabat müəllifləri iddia edirlər ki, 2011-2017-ci illər arasında o, ən azı 29 min məhbusu saxlayıb.
Hesabat sənədlərin, şahid ifadələrinin və peyk görüntülərinin təhlili nəticəsində əldə edilən məlumatları təqdim edir. Hesabatın müəllifləri deyirlər ki, onlar 2011-2017-ci illər arasında ölən cəmi 1154 məhbusu sadalayan Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatlarını təhlil ediblər. Bundan əlavə, tədqiqat qrupu sağ qalan 156 nəfər və vəzifəsi rejim əleyhdarlarını izləmək və mühakimə etmək olan Suriya təhlükəsizlik xidmətinin səkkiz keçmiş əməkdaşı ilə müsahibə aparıb. SJAC-ın məlumatına görə, araşdırmada iştirak edən sağ qalanların hamısı həbsdə olduqları illərdə işgəncələrə məruz qalıblar.
“Reuters” jurnalistləri peyk şəkillərini təhlil edərək kütləvi məzarlıqların mövcudluğunu müstəqil şəkildə təsdiq edə bilməyiblər, lakin SJAC tərəfindən müəyyən edilmiş bir çox saytın görüntülərində torpaqların dağılması əlamətləri görünür. Agentlik yazır ki, iki yerdə – “Mezzeh” hava limanında və Nəcah qəbiristanlığında – SJAC şahidlərinin ifadələrinə uyğun dövrlərdə qazılmış uzun xəndəklərin aydın izləri var.
//Samir Qurbanov, Editor.az

