Dövlət suverenliyinə aparan yol: 30 illik işğaldan tarixi Zəfərə-FƏRİD ŞAHBAZLININ YAZISIbackend

Dövlət suverenliyinə aparan yol: 30 illik işğaldan tarixi Zəfərə-FƏRİD ŞAHBAZLININ YAZISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tarixində bəzi günlər var ki, sadəcə təqvimdəki tarix deyil, bütöv bir tarixi mərhələnin yekununu ifadə edir. 20 sentyabr da məhz belə günlərdəndir. Bu tarix Azərbaycan dövlətinin öz ərazisində suverenliyini tam və qeyd-şərtsiz təmin etdiyi gün kimi yaddaşımıza daxil olub.

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü ildə imzaladığı Sərəncamla sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi təsadüfi qərar deyildi. Sərəncamda Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycana qarşı işğalçılıq siyasəti apardığı, ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etdiyi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyi, şəhər və kəndlərin dağıdıldığı, Xocalı soyqırımının törədildiyi və nəhayət, 2020-ci il Vətən müharibəsi ilə tarixi Zəfərin qazanıldığı qeyd olunur. Sərəncamın əsas siyasi-hüquqi nəticəsi isə 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsinin təsbitidir.

Əslində, Dövlət Suverenliyi Gününün mahiyyətini anlamaq üçün 20 sentyabr 2023-cü ildən daha uzağa – 1990-cı illərin əvvəllərinə qayıtmaq lazımdır. Çünki bu tarix bir günlük hərbi əməliyyatın deyil, üç onillikdən artıq davam edən siyasi, diplomatik, hərbi və dövlətçilik mübarizəsinin yekun nöqtəsi idi.

İşğalın başlanğıcı və beynəlxalq sistemin sınağı

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əraziləri işğal edildi, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşdü. Etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlı əhali Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan torpaqlarından zorla çıxarıldı. Xocalıda isə mülki əhaliyə qarşı kütləvi qətl törədildi.

Azərbaycanın üzləşdiyi faciənin ən mühüm tərəflərindən biri bundan ibarət idi ki, beynəlxalq hüquqi çərçivə mövcud olsa da, həmin çərçivənin icrası təmin edilmədi.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul edərək atəşin dayandırılmasını və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etmişdi. Məsələn, 884 saylı qətnamə Zəngilan və Horadiz istiqamətində işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını və əvvəlki qətnamələrin icrasını tələb edirdi.

Lakin burada Azərbaycanın üç onillik tarixinin ən böyük paradokslarından biri ortaya çıxdı: hüquq var idi, qətnamə var idi, tələb var idi, amma icra mexanizmi yox idi.

Prezident İlham Əliyev sonrakı çıxışlarında məhz bu məqama xüsusi diqqət çəkərək bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilsə də, onların icrası təmin olunmadı. O, beynəlxalq hüququn özü ilə yanaşı, onun icrasını təmin edən siyasi və digər mexanizmlərin də vacib olduğunu vurğulayıb.

ATƏT-in Minsk Qrupunun fəaliyyəti də bu baxımdan Azərbaycan cəmiyyətində ciddi narazılıq doğururdu. Prezident İlham Əliyev 2024-cü ildə ATƏT-in bu məsələ ilə məşğul olan xüsusi qrupunun 28 il ərzində “sıfır nəticə” verdiyini bildirmişdi.

Beləliklə, zaman keçdikcə danışıqlar prosesi problemin həlli vasitəsindən daha çox, problemin dondurulması mexanizminə çevrilirdi. Status-kvonun qorunması isə işğalın faktiki olaraq uzadılması demək idi.

İlham Əliyevin strategiyası: diplomatiya ilə güc arasında yeni balans

2003-cü ildən etibarən Prezident İlham Əliyevin Qarabağ siyasətinin əsas xüsusiyyətlərindən biri hərbi, iqtisadi və diplomatik imkanların paralel şəkildə gücləndirilməsi oldu.

Bu siyasəti yalnız “müharibəyə hazırlıq” kimi izah etmək kifayət deyil. Daha geniş baxışdan yanaşdıqda, burada məqsəd Azərbaycanın danışıqlar masasında mövqeyini dəyişdirmək üçün dövlətin bütün resurslarının səfərbər edilməsi idi.

Bir tərəfdən Azərbaycan beynəlxalq təşkilatlarda öz mövqeyini sistemli şəkildə müdafiə edir, digər tərəfdən iqtisadi imkanlarını genişləndirir, ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirirdi.

Prezidentin özünün sonrakı çıxışlarında qeyd etdiyi kimi, Qarabağ məsələsinin tarixi və hüquqi aspektlərinin dünya ictimaiyyətinə çatdırılması, güclü iqtisadiyyatın yaradılması və ordu quruculuğunun prioritetə çevrilməsi bu strategiyanın əsas komponentləri idi.

Burada mühüm bir siyasi məqam var: Azərbaycan uzun illər müharibə etmədən öz gücünü artırdı, lakin eyni zamanda müharibə ehtimalını heç vaxt dövlət gündəmindən çıxarmadı.

Bu yanaşma nəticədə Azərbaycanın diplomatiyasına da əlavə imkan verdi. Çünki diplomatiyanın arxasında iqtisadi, siyasi və hərbi güc formalaşdıqca danışıqlar masasındakı Azərbaycanın çəkisi də dəyişirdi.

2020-ci il: status-kvonun dağıldığı il

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi məhz bu uzunmüddətli strategiyanın ən mühüm nəticələrindən biri oldu.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini və çoxsaylı yaşayış məntəqələrini işğaldan azad etdi. Müharibənin hərbi nəticələri siyasi nəticə ilə tamamlandı.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması və bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutuldu. Eyni sənəd Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını da nəzərdə tuturdu.

Bu Ermənistan üçün tam mənada kapitulyasiya aktı idi.

2020-ci il Zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu. Lakin qarşıda daha bir mərhələ qalırdı: Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyulması.

2020–2023: sülhə imkan verildi, lakin təxribatlar davam etdi

Azərbaycan 2020-ci ildən sonra dərhal yeni hərbi əməliyyata başlamadı. Əksinə, üçtərəfli Bəyanatın müddəalarının icrasını tələb etdi və Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədi.

Lakin Azərbaycan tərəfinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxarılması baş vermədi. Əksinə, Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ildən sonra istehsal olunmuş silah-sursat və minaların Qarabağa qanunsuz şəkildə daşındığını, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilərin yaradıldığını, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş atəş nöqtəsinin, 350-dən artıq artilleriya atəş mövqeyinin qurulduğunu və kəşfiyyat-müşahidə vasitələrinin yerləşdirildiyini açıqlamışdı.

Azərbaycan qəti şəkildə bildirdi ki, 2020-ci ildən sonra Qarabağda Ermənistan ordusunun qalması, silah və sursatların gətirilməsi və mina təhlükəsinin davam etməsi Azərbaycanın təhlükəsizliyi üçün qəbuledilməzdir.

Bakı dəfələrlə bildirdi ki, Azərbaycanın ərazisində qanunsuz silahlı qüvvələrin saxlanılması davam edə bilməz. Yəni 2023-cü ilin sentyabrında baş verən hadisələr siyasi baxımdan qəfil qərar kimi deyil, əvvəlki illərdə verilmiş xəbərdarlıqların və toplanmış təhlükəsizlik problemlərinin nəticəsi kimi meydana çıxdı.

Sentyabr 2023: son mərhələyə aparan təhlükəsizlik zənciri

2023-cü ilin sentyabrına qədər Qarabağda vəziyyət getdikcə daha təhlükəli xarakter almışdı.

Azərbaycanın məlumatına görə, sentyabrın 18-də Azərbaycanın hava məkanından uçan sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə radiomaneələr tətbiq edilmişdi. Sentyabrın 19-da isə Xocavənd rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobilin minaya düşməsi, daha sonra polis əməkdaşlarının olduğu nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində insan tələfatı baş vermişdi.

Bütün bunlar artıq sadəcə siyasi fikir ayrılığı deyil, Azərbaycanın ərazi təhlükəsizliyinə və vətəndaşlarının həyatına birbaşa təhlükə idi.

Belə bir şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı.

23 saat: suverenliyin faktiki bərpası

Sentyabrın 19-da başlayan əməliyyatın məqsədi Azərbaycan tərəfindən aydın şəkildə müəyyən edilmişdi: Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah etmək, qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmaq və konstitusiya quruluşunu bərpa etmək.

Əməliyyat 23 saat ərzində başa çatdı.

Sentyabrın 20-də razılaşmaya əsasən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz silahlı dəstələr silahı yerə qoymalı, döyüş mövqelərindən çıxmalı və Azərbaycan ərazisini tərk etməli idi. Bununla separatçı rejimin fəaliyyəti də dayandırıldı.

Bu hadisənin tarixi əhəmiyyəti məhz buradadır: 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini bərpa etmişdisə, 2023-cü ilin sentyabrında dövlətin bütün ərazisində vahid konstitusiya və hüquq məkanını təmin etdi.

Başqa sözlə, 2020-ci il Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsas mərhələsi idisə, 2023-cü il həmin prosesin dövlət suverenliyi ilə tamamlanması oldu.

Bu iki tarixi bir-birindən ayırmaq mümkün deyil.

Dövlət bayrağının Xankəndidə ucaldılması

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə Azərbaycan bayrağını ucaldatması isə siyasi və simvolik baxımdan 30 illik qarşıdurmanın tamamilə yeni mərhələyə keçdiyini göstərdi.

Bu görüntü yalnız hərbi qələbənin simvolu deyildi.

Bu, Azərbaycan dövlətinin ərazi üzərində faktiki hakimiyyətinin bərpasının siyasi ifadəsi idi.

Sülhməramlıların çıxması: suverenliyin başqa bir təsdiqi

2020-ci il Bəyanatına əsasən Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması da prosesin mühüm mərhələlərindən biri oldu.

2024-cü ilin aprelində Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar verildi və proses başladı.

Beləliklə, 2023-cü ildə Azərbaycan suverenliyini tam bərpa etdi, 2024-cü ildə isə ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı missiya da başa çatdı.

Bu ardıcıllıq Azərbaycanın suverenlik konsepsiyasının praktik baxımdan tam təmin edildiyini göstərən mühüm faktorlardan biri oldu.

İlham Əliyevin siyasətinin əsas mahiyyəti nə idi?

Dövlət suverenliyinə aparan yolu yalnız 19–20 sentyabr 2023-cü il hadisələri ilə izah etmək mümkün deyil.

Bu yolun arxasında uzunmüddətli dövlət strategiyası dayanırdı.

Birinci istiqamət beynəlxalq hüquqa söykənən diplomatiya idi. Azərbaycan illərlə BMT qətnamələrini, ərazi bütövlüyü prinsipini və beynəlxalq hüququn digər normalarını diplomatik platformalarda gündəmdə saxladı.

İkinci istiqamət iqtisadi gücün formalaşdırılması idi. Güclü iqtisadiyyat olmadan uzunmüddətli ordu quruculuğu və müstəqil xarici siyasət kursu aparmaq mümkün deyil.

Üçüncü istiqamət ordu quruculuğu idi. 2020-ci ilin nəticəsi göstərdi ki, diplomatik tələblərin arxasında real hərbi imkanlar olduqda siyasi prosesin mahiyyəti dəyişir.

Dördüncü istiqamət informasiya siyasəti idi. 2020-ci il müharibəsi zamanı Prezident İlham Əliyevin xarici media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın mövqeyinin beynəlxalq informasiya məkanında birbaşa çatdırılmasına imkan verdi.

Prezident İlham Əliyevin çıxışlarına nəzər saldıqda bir xətt açıq şəkildə görünürdü: Azərbaycan əvvəlcə danışıqlar yolunu mümkün imkan kimi təqdim edirdi, lakin eyni zamanda status-kvonun əbədi davam etməyəcəyini dəfələrlə bəyan etmişdi.

Bu siyasətin əsas məntiqi belə ifadə oluna bilər: Azərbaycan müharibəni məqsəd deyil, işğala son qoymaq üçün son vasitə kimi qiymətləndirir.

“Dəmir yumruq”un arxasındakı siyasi hazırlıq

2020-ci ildə Azərbaycanın qazandığı Zəfər bəzən yalnız hərbi əməliyyatların nəticəsi kimi təqdim olunur. Halbuki 44 günlük müharibənin nəticəsini hazırlayan proses daha uzunmüddətli idi.

Ordunun modernləşdirilməsi, iqtisadi imkanların artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, Türkiyə ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının artırılması və informasiya siyasəti eyni strategiyanın müxtəlif elementləri idi.

Bu baxımdan “Dəmir yumruq” yalnız hərbi termin deyildi. O, dövlətin siyasi iradəsi, xalqın səfərbərliyi və ordunun imkanlarının vahid məqsəd ətrafında birləşməsinin siyasi simvoluna çevrildi.

2023-cü ilin sentyabrında isə həmin strategiyanın ikinci və tamamlayıcı mərhələsi həyata keçirildi.

Dövlət Suverenliyi Günü nəyi ifadə edir?

20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsinin mahiyyəti yalnız tarixi qələbənin qeyd olunmasından ibarət deyil.

Bu tarix Azərbaycan dövlətçiliyinin bir prinsipini təsdiqləyir: dövlətin suverenliyi yalnız Konstitusiyada yazılan hüquqi anlayış deyil, həmin hüququn ölkənin bütün ərazisində faktiki olaraq təmin edilməsidir.

Qarabağ münaqişəsi beynəlxalq münasibətlər sisteminin imkanlarını və məhdudiyyətlərini də göstərdi.

BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edildi, lakin uzun illər icra olunmadı. ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqlar aparıldı, lakin münaqişənin yekun həlli mümkün olmadı. Azərbaycan isə paralel olaraq öz siyasi, iqtisadi, diplomatik və hərbi imkanlarını artırdı.

Nəticədə 2020-ci ildə işğalın böyük hissəsinə son qoyuldu, 2023-cü ildə isə separatizmin mövcudluğuna və Azərbaycanın ərazisində paralel hərbi-siyasi strukturun fəaliyyətinə son verildi.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı məhz bu tarixi məntiqin hüquqi-siyasi ifadəsinə çevrildi. Sərəncamda da vurğulandığı kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyi təmin edildi və dövlət suverenliyi bərpa olundu.

Bu baxımdan Dövlət Suverenliyi Günü Azərbaycanın yalnız keçmiş qələbəsini xatırladığı tarix deyil. Bu tarix həm də dövlətçilik baxımından bir dərsin ifadəsidir:

Beynəlxalq hüquq dövlət üçün hüquqi əsas yaradır, diplomatiya bu əsası beynəlxalq müstəvidə müdafiə edir, iqtisadi və hərbi güc isə dövlətin öz hüquqlarını reallaşdırmaq imkanlarını formalaşdırır.

Azərbaycanın 30 illik Qarabağ təcrübəsi göstərdi ki, dövlət suverenliyi yalnız bəyan edilməklə deyil, siyasi iradə, milli birlik, iqtisadi imkan, güclü ordu və ardıcıl diplomatiyanın vəhdəti ilə təmin olunur.

20 sentyabr 2023-cü il isə bu uzun yolun son nöqtəsini – Azərbaycan dövlətinin öz ərazisində tam suverenliyinin bərpasını – tarixə yazdı.

//Fərid ŞAHBAZLI