Milli Kəşfiyyat Təşkilatının (MİT) Asiya Bölgəsi üzrə keçmiş baş müşaviri, “Xəyalət” ləqəbli Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanadakı şübhəli ölümünə dair yeni faktlar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat qovluğuna ölüm gününə aid iki kritik təhlükəsizlik kamerası görüntüsü daxil edilib.
Prokurorluq çərçivəsində araşdırmaya götürülən kadrlarda diqqətçəkən şübhəli məqamlar qeydə alınıb.
İlk kadrda Kaşif Kozinoğlunun otaq yoldaşı Həsən Atilla Uğur ilə həbsxana dəhlizində gəzişdiyi anlar yer alır.
İkinci görüntüdə isə Kozinoğlunun səhhəti anidən pisləşdiyi üçün təcili tibbi yardım maşınına aparıldığı sırada, otaq yoldaşı Həsən Atillanın kameraya daxil olaraq masadakı kofe stəkanını götürməsi aydın şəkildə əks olunub.
Prokurorluq görüntülərin xronoloji ardıcıllığını, qeydə alınan şəxslərin şübhəli hərəkətlərini və bu detalların ölüm səbəbi ilə birbaşa əlaqəsini müəyyən etmək məqsədilə texniki ekspertizanı davam etdirir.

