Erməni siyasi analitik, İrəvanda fəaliyyət göstərən müstəqil Regional Araşdırmalar Mərkəzinin (RSC) direktoru Riçard Qiraqosyan 61 yaşında İstanbulda vəfat edib.
bu barədə “Agos” nəşri məlumat yayıb.
Ötən həftə görüş üçün İstanbula gələn Qiraqosyan səhhətinin qəfil pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.
“Agos”un məlumatına görə, beyninə qan sızan analitik uzun müddət Professor Doktor Cəmil Taşçıoğlu adına Xəstəxananın reanimasiya şöbəsində müalicə olunsa da, sentyabrın 19-u axşam saatlarında dünyasını dəyişib.
Qiraqosyan Cənubi Qafqaz, eləcə də Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri üzrə mütəmadi olaraq fikirlərinə müraciət olunan aparıcı ekspertlərdən biri olub.
O, həmçinin “Agos” nəşri ilə yaxından əməkdaşlıq edərək burada məqalə və şərhlərini dərc etdirib.
Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) Türkiyə ofisinin direktoru Nigar Göksəl bildirib ki, 20 ildən artıq müddətdə Qərbi Avropada, Türkiyədə, Ermənistanda və Gürcüstanda Qiraqosyanla dəfələrlə birgə müzakirələrdə iştirak edib:
“Məsələlərə tez-tez fərqli bucaqlardan baxsaq da, Türkiyə, Ermənistan və Azərbaycanla bağlı mövzuları müzakirə etmək üçün görüşlərimizi həmişə davam etdirirdik. Onun yoxluğu 20 ildən artıq müddətdə paylaşdığımız o kiçik dünyada böyük bir boşluq yaradır”.
Richard Qiraqosyan kimdir?
8 yanvar 1965-ci ildə ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində anadan olan Qiraqosyan karyerası ərzində Asiya İnkişaf Bankı, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi, Fransanın Müdafiə Nazirliyi, ATƏT və ABŞ Dövlət Departamenti kimi mühüm qurumlara məsləhətçilik edib.
Onun analitik məqalələri Avropa Xarici Əlaqələr Şurası, “Le Monde”, “The Moscow Times” və “Turkish Policy Quarterly” kimi nüfuzlu nəşrlərdə işıq üzü görüb.
2006-cı ildə Ermənistana köçən Qiraqosyan, son illər İrəvanda yerləşən və Cənubi Qafqazın siyasi-strateji məsələləri üzrə ixtisaslaşan Regional Araşdırmalar Mərkəzinə rəhbərlik edirdi.
Qiraqosyanın dəfn mərasiminin Ermənistanda keçiriləcəyi bildirilir.
Musavat.com

